MİLLİ DEPOZİT SİSTEMİ HAQQINDA

 

ƏSASNAMƏ

(26.07.1999-cu il tarixli əlavə və dəyişikliklərlə)

 

 

1. Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə Azərbaycan Respublikasının 1995-ci il 29 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"nın 5-ci bölməsinin müddəalarının həyata keçirilməsini və Milli Depozit Sisteminin yaradılmasının və fəaliyyətinin, o cümlədən qiymətli kağızlara aid depozitar fəaliyyətinin hüquqi tənzimlənməsini təmin etmək məqsədi ilə hazırlanmışdır.

1.2. Milli Depozit Sisteminin və depozitarlar fəaliyyəti Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktları və bu Əsasnamə ilə tənzimlənir.

 

2. Əsas anlayışlar

 

2.1. Bu Əsasnamədə aşağıdakı anlayışlardan istifadə edilir: Milli Depozit Sistemi (MDS) - qiymətli kağızların, o cümlədən dövlət özəlləşdirmə paylarının (çeklərinin) və opsionların bu Əsasnamədə müəyyən olunmuş qaydada saxlanılmasını, nağd və nağdsız dövriyyəsini təmin edən, səhmdarların reyestrini aparan, qiymətli kağız mülkiyyətçilərinin və alqı-satqı müqavilələrinin qeydiyyatını, habelə digər depozit xidmətlərini həyata keçirən təsisatdır;

Milli Depozit Mərkəzi (MDM) - Milli Depozit Sisteminin tərkib hissəsi olaraq bilavasitə depozitar fəaliyyəti ilə məşğul olan və depozit sisteminə daxil olan depozitarlar uçotunu aparan, onların fəaliyyətinə nəzarəti həyata keçirən dövlət təşkilatıdır;

Komitə - Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi;

Depozitar fəaliyyəti - qiymətli kağızların saxlanılması və uçotu, qiymətli kağızlara hüquqların uçotu (qeydiyyatı) və bu hüquqların başqasına keçməsi, qiymətli kağızlar və onlardan irəli gələn öhdəliklər üçün hesablamaların və qarşılıqlı hesablamaların həyata keçirilməsi üzrə fəaliyyət;

Depozitar - normativ-hüquqi aktlarla müəyyən olunmuş qaydada depozitar fəaliyyətini həyata keçirən hüquqi şəxs;

Qiymətli kağızlar üzrə klirinq - qiymətli kağızlarla aparılan əməliyyat iştirakçılarının qiymətli kağızların hərəkəti (köçürülməsi) üzrə qarşılıqlı öhdəliklərinin və tələblərinin hesablanması

Adlı qiymətli kağızlar - sahibləri haqqında məlumat emitent üçün qiymətli kağız sahiblərinin reyestri formasında açıq ola bilən, hüquqların onlara keçməsi və onlarda təsbit olunmuş hüquqların həyata keçirilməsi zamanı sahibin mütləq göstərilməsini tələb edən qiymətli kağızlar;

Təqdim edənə qiymətli kağızlar - hüquqların onlara keçməsi və onlarda təsbit olunmuş hüquqların həyata keçirilməsi zamanı sahibin göstərilməsini tələb etməyən qiymətli kağızlar;

Hüquq sahibi - Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq öz adından və öz marağı və ya dövlətin marağı ilə qiymətli kağızlara sahib olan şəxs;

Deponent - qiymətli kağızların saxlanılması və ya depozitarda saxlanılan qiymətli kağızlara aid hüquqların uçotu üzrə depozitarın xidmətindən müqavilə əsasında istifadə edən şəxs;

Depo hesabın müqaviləsi - depozitarla deponent arasında bağlanıb, onların depozitar fəaliyyəti ilə əlaqədar münasibətlərini tənzimləyən müqavilə;

Depo hesabı - deponentlə bağlanmış depo hesabı müqaviləsinin depozitar tərəfindən icrası üçün depozitarın uçot registrində zəruri olan qeydlərin məcmusu;

Nağd qiymətli kağız - qiymətli kağızlar buraxılışının elə formasıdır ki, bu zaman qiymətli kağız mülkiyyətçisi emitentdən qiymətli kağızın fiziki şəkildə (əlbəəl), tək və yaxud ümumi sertifikatlarla verilməsini tələb edir;

Nağdsız qiymətli kağız - qiymətli kağızlar buraxılışının elə formasıdır ki, bu zaman həmin buraxılışda bütün qiymətli kağızlar saxlanılmaq üçün depozitarda, yaxud reyestr saxlayanda yerləşdirilir, qiymətli kağızlara olan hüquqlar isə qeydlər şəklində depozitarın uçot registrində və ya reyestr saxlayanın qeydiyyat jurnalında əksini tapır;

Qiymətli kağızların nominal saxlayıcısı - hüquq sahibinin tapşırığı və marağı ilə, onun yerinə qiymətli adlı kağız sahibləri reyestrinin aparılması sistemində qeydə alınmış, reyestr aparan qarşısında hüquq sahibinin etibarlı şəxsi kimi çıxış edən, lakin hüquq sahibi olmayan şəxs;

Qiymətli kağızların emitenti - qiymətli kağızlar buraxmış və həmin qiymətli kağızlar üzrə öhdəliklər daşıyan hüquqi şəxs;

Qiymətli kağızların emissiyası - investisiya qiymətli kağızlarını yerləşdirərkən emitentin normativ-hüquqi aktlarla müəyyən edilmiş hərəkətlərinin ardıcıllığı

Qiymətli kağızların buraxılışı - bir emitentin sahiblər üçün eyni həcmdə hüquqlar təmin edən və eyni emissiya şərtlərinə (ilkin yerləşdirmə) malik qiymətli kağızların məcmusu (bu tədbirdə eyni buraxılışdan olan bütün kağızlar bir dövlət qeydiyyat nömrəsinə malik olmalıdır);

Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı - lisenziya əsasında qiymətli kağızlar üzrə normativ-hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət növünü həyata keçirən hüquqi və fiziki şəxs.

 

3. Milli Depozit Sisteminin fəaliyyəti

 

3.1. MDS özəlləşdirmənin Dövlət Proqramı və bu Əsasnamə ilə müəyyən edilmiş depozitar xidmətlərini həyata keçirir.

3.2. MDS-in əsasını Milli Depozit Mərkəzi (MDM) təşkil edir.

MDM Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qapalı tipli səhmdar cəmiyyətin formasında təsis edilir və onun səhmlərinin nəzarət paketini QKDK özündə saxlayır.

3.3. Dövlət MDM-nin öhdəlikləri üçün onun nizamnamə kapitalındakı payı həcmində məsuliyyət daşıyır.

MDM dövlət və öz müştərilərinin öhdəlikləri üçün məsuliyyət daşımır.

MDM öz öhdəlikləri üçün özünün bütün əmlakı ilə məsuliyyət daşıyır.

3.4. MDM Komitə tərəfindən verilən lisenziya əsasında fəaliyyət göstərir. MDM-in fəaliyyəti Azərbaycan Respublikasının normativ-hüquqi aktları ilə, bu Əsasnamə və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən təsdiq olunmuş Nizamnamə ilə tənzimlənir.

3.5. MDM qeyri-kommersiya qurumu olub fəaliyyətini özxərciniödəmə və özünümaliyyələşdirmə prinsipləri əsasında həyata keçirir.

MDM müştərilərə göstərdiyi xidmətlər üçün müqavilə ilə müəyyən olunmuş məbləğdə haqq alır.

3.6. MDM öz vəzifələrini səmərəli yerinə yetirmək məqsədi ilə Azərbaycan Respublikasının şəhər və rayonlarında filiallarını yarada bilər.

3.7. MDM depozit fəaliyyətini özəlləşdirmənin Dövlət Proqramına, digər qanunlara və normativ-hüquqi aktlara, bu Əsasnaməyə və öz Nizamnaməsinə müvafiq olaraq həyata keçirir.

MDM depozitar fəaliyyəti ilə məşğul olan bütün təşkilatların uçotunu aparır.

3.8. Depozitar fəaliyyətini müstəqil formada (MDM sisteminə daxil olmadan) həyata keçirmək istəyən şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən normativ- hüquqi aktlarla müəyyən edilmiş qaydada lisenziya almaqla bu fəaliyyət növü ilə məşğul ola bilərlər. Bu şəxslər aşağıdakılar ola bilər:

- qiymətli kağızlar bazarında depozitar fəaliyyətini həyata keçirmək üçün müəyyən edilmiş qaydada lisenziya almış qiymətli kağızlar bazarının peşəkar iştirakçıları;

- depozitar fəaliyyətini müstəsna şəklində həyata keçirən hüquqi şəxslər (reyestr saxlayıcısı, xüsusiləşdirilmiş saxlanma yeri, depozitar təşkilatı).

3.9. Depozitar fəaliyyətinin lisenziyalaşdırılması Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş əsasnaməyə uyğun olaraq həyata keçirilir.

3.10. Depozitarın əsas vəzifələri və hüquqları aşağıdakılardan ibarətdir:

a) nağd qiymətli kağızların sertifikatlarının və nağdsız qiymətli kağızlar üzrə hüquqlarının saxlanması sahəsində qiymətli kağız sahiblərinə və onların qanuni nümayəndələrinə xidmət göstərmək;

b) qiymətli kağızların və açılmış depo hesablarında deponentlərin ayrıca uçotunu aparmaq;

v) qiymətli kağızları depo hesablarında saxlanılmağa vermiş hüquqi şəxslərin, saxlanılmağa qəbul edilmiş qiymətli kağızların, onların növlərinin, kateqoriyalarının, formalarının və miqdarının, həmin qiymətli kağızlarla əməliyyatlar aparılan zaman hüquqların başqasına keçməsinin təsdiq olunmasının, bu hüquqların verilməsinin məhdudlaşdırılmasının, habelə qiymətli kağızların xırdalanması və birləşdirilməsi, konvertasiyası, ləğvi və ödənilməsi əməliyyatlarının uçotunu aparmaq;

q) saxlanmada olan və ödəmək üçün təqdim edilməli, yaxud digər şəkildə dövriyyə müddəti bitmiş olan bütün qiymətli kağızları, habelə təqdim edildikdə ödəniş nəzərdə tutan digər gəlir sənədlərini emitentə vermək;

d) səhmdarların yığıncaqları, dividendlərin verilməsi və emitentin digər korporativ hərəkatları barədə qiymətli kağız sahibinə və ya onun səlahiyyətli nümayəndələrinə məlumat vermək;

e) hüquq sahibindən və ya onun səlahiyyətli nümayəndələrindən təlimatlar alaraq onları emitentə vermək, habelə hüquq sahibinin mənafeyi naminə müəyyən edilmiş qaydada digər hərəkətləri yerinə yetirmək;

ə) qiymətli kağızlar emitentindən alınmış dividendləri, qiymətli kağızlar üzrə digər gəlirləri və ödənişləri depozitar müqavilədə nəzərdə tutulmuş formalarda və qaydada vaxtında və tam həcmdə köçürmək;

c) hüquq sahiblərinin hər birinə məxsus qiymətli kağızların növlərinin, kateqoriyalarının, formalarının və miqdarının və həmin qiymətli kağızların saxlama yerlərinin uçotunu aparmaq;

z) hüquq sahiblərinin qiymətli kağızlarının alınması, qiymətli kağızların özgəninkiləşdirilməsi, qiymətli kağızların girov da daxil olmaqla, öhdəliklərlə yüklənməsi faktlarının qeydiyyatı ilə bağlı tapşırıqları əsasında müştəri hesablarında müvafiq qeydlərin edilməsi yolu ilə, hüquq sahibinə məxsus qiymətli kağızlarda təsbit olunmuş hüquqların uçotunu aparmaq və onların başqasına keçməsini, verilməsini və məhdudlaşdırılmasını təsdiq etmək;

i) hüquq sahibinin korporativ hərəkətlərə aid tapşırıqlarını emitentə çatdırmaq;

y) hüquq sahiblərinin hər birinə məxsus qiymətli kağızlar haqqında məlumatları və həmin hüquq sahiblərinin siyahılarını emitentə vermək;

k) qiymətli kağızlar nominal saxlayıcısının idarəetməsindən çıxarıldığı halda hüquq sahibinin adının qiymətli kağız sahiblərinin reyestrində nominal saxlayıcının adının yerinə yazılması barədə həmin hüquq sahibinin tələbini emitentə çatdırmaq;

g) bütün hərəkətləri yalnız hüquq sahiblərinin və ya onların səlahiyyətli nümayəndələrinin yazılı göstərişləri əsasında həyata keçirmək və müştəri hesablarının vəziyyətində dəyişikliklər edilməsi üçün əsas olan bütün ilkin sənədləri saxlamaq;

ı) müştəri hesabından hüquq sahibinə çıxarışlar və aparılmış hər bir əməliyyat haqqında çıxarışlar verməklə həmin müştəri hesabını təsdiq etmək;

m) öz uçot qeydlərinin və elektron-rəqəmli imza ilə təsdiq onunmuş tapşırıqların (uçot elektron daşıyıcıları vasitəsi ilə aparıldıqda) təkrarlanmış halda saxlanılmasını təşkil etmək;

n) emitentə müqavilə əsasında qiymətli kağız sahiblərinin reyestrini aparmaq.

3.13. Yuxarıda göstərilən vəzifələri həyata keçirmək üçün depozitar:

a) qiymətli kağızların saxlanılmasını və uçotunun aparılmasını

b) qiymətli kağız sahiblərinin və onların qiymətli kağızlarının miqdarının uçotunun aparılmasını

v) qiymətli kağızlar barədə əqdlərin qeydiyyatını

q) qiymətli kağız sahiblərinin reyestrinin aparılmasını

d) qiymətli kağızlarda təsbit olunmuş hüquqların təmin edilməsini və onların uçotunun aparılmasını

e) qiymətli kağızlar üzrə klirinq əməliyyatlarının yerinə yetirilməsini;

ə) qiymətli kağıza sahibliklə əlaqədar informasiyanın emitentdən (reyestr saxlayandan) deponentlərə (müştərilərə) və deponentlərdən qiymətli kağızların emitentinə (reyestr saxlayana) verilməsini;

ç) deponentlərin qiymətli kağızları üzərinə öhdəliklər qoyulmasının uçotunu, habelə onların ləğvini;

c) depozitarın nominal saxlayıcı kimi, çıxış etdiyi qiymətli kağızlar istisna olmaqla, emitentlə müqavilə əsasında qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılmasını

z) deponentlərin tapşırığına əsasən qiymətli kağız sertifikatlarının üçüncü şəxslərə verilməsini;

i) qiymətli kağız sertifikatlarının həqiqiliyinin yoxlanılmasını

y) qiymətli kağızların inkassasiyasını və daşınmasını

k) qiymətli kağız sertifikatlarının dövriyyə şərtlərinə uyğun olaraq onların dövriyyədən çıxarılmasını təmin etməlidir.

3.14. Depozitarın aşağıdakıları həyata keçirmək hüququ yoxdur:

a) hüquq sahibi ilə depozitar arasındakı müqavilədə nəzərdə tutulmuş hallarda hüquq sahibinin tapşırığı ilə həyata keçirilən hərəkətlərdən başqa hüquq sahibinin qiymətli kağızların üzərində sərəncam vermək, onları idarə etmək, yaxud hüquq sahibinin adından ona məxsus qiymətli kağızlarla istənilən hərəkətləri etmək;

b) hüquq sahibinin qiymətli kağızlarından öz öhdəliklərinin və üçüncü şəxslərin öhdəliklərinin icrasının təminatı kimi istifadə etmək. (Əməliyyat hesabından olan və hüquq sahiblərinin qiymətli kağızları kimi uçota alınan qiymətli kağızlar depozitarının üçüncü şəxslər qarşısında öhdəliklərinin təminatı predmeti olan əmlakının tərkibinə daxil edilə bilməz);

v) hüquq sahibi ilə müqavilə bağlamadan onun vəkili kimi çıxış etmək;

q) bununla nəzərdə tutulmuş hallardan başqa hüquq sahibinin hesab sirrini açmaq;

d) deponentlərin qiymətli kağızları ilə alqı-satqı, komisyon, tapşırıq, bağışlama, dəyişmə və icarə əqdləri bağlamaq, habelə deponentlərlə birgə fəaliyyət göstərmək.

3.15. Depozitar ləğv olunduqda və yenidən təşkil edildikdə və ya onun öz deponentləri qarşısındakı öhdəliklərin yerinə yetirilməsinə mane olan başqa şərait yarandıqda, depozitar bu barədə deponentlərə məlumat verməyə, xidmət etdiyi hüquq sahibləri və onlara məxsus kağızlar haqqında həmin hüquq sahiblərinin hüquqlarının təsdiqi və müdafiəsi üçün zəruri olan informasiyanı MDM-ə verməyə borcludur.

3.16. Depozitar emitentlərlə, yaxud emitentin agenti ilə müqavilə əsasında emitentin yerləşdirilmək və ya ödənilmək üçün nəzərdə tutulmuş qiymətli kağızlarını ayrıca hesablarda qeydə ala bilər.

 

4. Qiymətli kağız sahiblərinin reyestrinin aparılması

 

4.1. Qiymətli kağız sahiblərinin reyestrinin aparılması bu məqsədlə lazım olan məlumatların toplanması, onların qeydiyyatının aparılması, işlənilməsi, saxlanılması və verilməsi deməkdir.

Qiymətli kağız sahiblərinin reyestrinin aparılmasını bu fəaliyyətdə məşğul olmaq üçün normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən lisenziya almış depozitarlar və digər hüquqi şəxslər (bundan sonra - qeydiyyatçı) həyata keçirə bilər.

4.2. Qiymətli kağızların sahibləri və onların nominal saxlayıcıları reyestrin aparılması sisteminə məlumatlar təqdim olunması qaydalarına əməl etməyə borcludurlar. (Təqdim edənə qiymətli kağızlar üçün qiymətli kağız sahiblərinin reyestri sistemi aparılır).

4.3. Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması üçün müqavilə emitent tərəfindən yalnız bir depozitarla (qeydiyyatçı ilə) bağlanılır. Depozitar qeyri-məhdud sayda emitentlərin qiymətli kağızlar sahibləri reyestrini apara bilər.

 

5. Qiymətli kağızların nominal saxlayıcısı

 

5.1. Qiymətli kağız sahiblərinin reyestrinə hüquq sahibinin adının yerinə nominal saxlayıcının adının daxil edilməsi üçün hüquq sahibi adlı qiymətli kağız sahiblərinin reyestrinin saxlayıcısının ünvanına imzalanmış keçmə sərəncamını depozitara verməlidir. Hüquq sahibinin keçmə sərəncamındakı imzasının həqiqiliyi normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada təsdiq olunur.

Qiymətli kağız sahiblərinin reyestrindən hüquq sahibinin adının nominal saxlayıcısının adına dəyişdirilməsi haqqında qeyd reyestr saxlayıcısı tərəfindən hüquq sahibinin imzaladığı keçmə sərəncamı əsasında edilir.

5.2. Adlı qiymətli kağız sahiblərinin reyestrinə nominal saxlayıcının adının yerinə hüquq sahibinin adının daxil edilməsi üçün hüquq sahibi qiymətli adlı kağız sahibləri reyestrinin saxlayıcısının ünvanına imzalanmış keçmə sərəncamını saxlanma yerinə verməlidir. Hüquq sahibinin keçmə sərəncamındakı imzasının həqiqiliyi normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada təsdiq edilir. Qiymətli kağız sahibləri reyestrində nominal saxlayıcının adının hüquq sahibinin adına dəyişdirilməsi haqqında qeyd reyestr saxlayıcısı tərəfindən hüquq sahibinin imzaladığı və saxlanma yerini reyestr saxlayıcısına verdiyi keçmə sərəncamı əsasında edilir.

5.3. Eyni qiymətli kağızlarla bağlı nominal saxlayıcı hüquqlarının iki və daha çox şəxsə verilməsinə, habelə nominal saxlayıcının öz hüquqlarını dayandırmamaq şərti ilə, digər nominal saxlayıcıya verilməsinə yol verilmir.

5.4. Deponentlərə qiymətli kağızların nominal saxlayıcısı xidmətini göstərən depozitar:

a) hüquq sahibləri haqqında məlumatların toplanması və verilməsi sisteminin mövcudluğunu və emitentlərə (onların reyestr saxlayıcılarına) verilməsini;

b) üstün hüquqların meydana çıxması və emitentlərin digər korporativ hərəkətləri haqqında hüquq sahiblərinin xəbərdar edilməsi sisteminin mövcudluğunu;

v) hüquq sahiblərindən məlumatların toplanması və korporativ hərəkətlər üzrə hüquq sahiblərinin qəbul etdiyi qərarların emitentlərə verilməsi sisteminin mövcudluğunu təmin etməlidir.

5.5. Hüquq sahibinə məxsus qiymətli kağızlarda onun təsbit edilmiş hüquqlarının depozitar vasitəsi ilə həyata keçirilməsi qaydaları normativ-hüquqi aktlarla, bu Əsasnamə ilə və depozitarla hüquq sahibi arasındakı müqavilə ilə müəyyənləşdirilir.

5.6. Nominal saxlayıcı səhmdarların yığıncaqlarında hüquq sahiblərinin vəkil edilmiş şəxsi kimi yalnız hüquq sahiblərinin yazılı tapşırığı ilə çıxış edə bilər.

5.7. Depozitarlar - adlı qiymətli kağız sahibləri reyestrinin saxlayıcıları emitentin korporativ hərəkətləri barədə normativ- hüquqi aktlara uyğun olaraq hüquq sahibləri üçün icbari olan məlumatların qiymətli kağız sahibləri reyestrinin aparılması sistemində qeydə alınmış qiymətli kağızların nominal saxlayıcılarına göndərilməsini təmin etməyə borcludurlar.

5.8. Adlı qiymətli kağız sahiblərinin reyestrinə qiymətli kağızların nominal saxlanma üçün saxlanma yerinə verilməsi barədə qeydlər daxil edilərkən, yaxud nominal saxlayıcının adının yerinə hüquq sahibinin adı daxil edilərkən reyestr saxlayıcısının tərəflərdən sövdənin həcmindən (başqasına verilən qiymətli kağızların miqdarından, yaxud sövdənin məbləğindən) faiz şəklində sövdələşmə haqqı tutmaq hüququ yoxdur.

5.9. Nominal saxlayıcının hüquqlarının dayandırıldığı və adlı qiymətli kağız sahibləri reyestrinə nominal saxlayıcının adının yerinə hüquq sahibinin adının daxil edildiyi hallarda reyestrdən çıxarışın hüquq sahibinə çatdırılması nominal saxlayıcı vasitəsi ilə həyata keçirilir. (Reyestr saxlayıcısı çıxarışı hüquq sahibinə çatdırmaq üçün onu saxlanma yerinə verməkdən imtina edə bilməz). Nominal saxlayıcının adının yerinə hüquq sahibinin adının reyestrə daxil edilməsi barədə hüquq sahibinin tələbi müəyyən edilmiş qaydada, qeyd-şərtsiz icra olunmalıdır.

 

6. Depozitar müqaviləsi və depo hesabları ilə əməliyyatlar aparılması

 

6.1. Depozitar fəaliyyətini həyata keçirən, bu Əsasnamənin III bölməsində nəzərdə tutulmuş şəxslər depozitar fəaliyyətini depozitar ilə hüquq sahibi (deponent) arasında bağlanmış depozitar müqaviləsinə müvafiq olaraq həyata keçirirlər.

6.2. Depozitar müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktlar nəzərə alınmaqla bağlanılır.

6.3. Depozitar müqaviləsi Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən təsdiq olunmuş "Depozitar müqaviləsinin əsas müddəalarına dair tövsiyələr"ə uyğun olaraq bağlanır.

6.4. Depo hesabının açıldığı gündən deponentlərə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş nümunə formasında deponentləşdirmə haqqında şəhadətnamə verilir.

Depozitar tərəfindən qiymətli kağızların deponentləşdirilməsi haqqında şəhadətnamələrin verilməsi və ondan istifadə olunması qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb təsdiq edilir.

6.5. Depozitarın aşağıdakıları əks etdirən sənədləri olmalıdır:

- depo hesabının quruluşu və depo hesabına aid məlumatlar;

- depozitarın depo hesabı ilə apardığı bütün əməliyyatlar və onların uçotu qaydaları

- saxlanılan qiymətli kağızlara və uçot qeydlərinin aparılmasına nəzarət;

- pul vəsaitləri ilə və qiymətli kağızlarla əməliyyatlar aparmağa icazəsi olan işçilərin tərkibi;

- məlumatların qorunmasının təmin edilməsi üzrə tədbirlər;

- depozitarda, habelə depozitarla onun deponentləri arasında sənədlərin formaları və sənəd dövriyyələri qaydaları

- yanğın, təbii fəlakət və basqın hallarında görülməli olan tədbirlər sistemi.

6.6. Depo hesabları ilə əməliyyatlar yalnız ilkin sənədlər əsasında aparılır və hesabat sənədlərinin tərtibi ilə başa çatır.

 

7. İnformasiyanın məxfiliyi

 

7.1. Depozitarlar depozitar fəaliyyətini həyata keçirərkən aldıqları informasiyanın məxfiliyini təmin etməyə borcludurlar.

Bu Əsasnamənin məqsədləri üçün aşağıdakı informasiyalar məxfi sayılır:

- deponentlər haqqında məlumatlar;

- deponentin hesablarının vəziyyəti barədə məlumatlar;

- deponentlərin hesabları üzrə aparılmış əməliyyatlar barədə məlumatlar;

- depozitara verilərkən məxfiliyi yazılı şəkildə göstərilmiş digər məlumatlar.

Deponentlərin hesablamalarının vəziyyəti barədə məlumatlar hər konkret deponentin yalnız özünə və ya onun səlahiyyətli nümayəndəsinə, habelə qanunla müəyyən edilmiş hallarda digər şəxslərə (orqanlara) verilə bilər.

7.2. Müəyyən hüquq sahibinə aid məxfi informasiyanın depozitar tərəfindən yayılması nəticəsində onun hüquqları pozulmuşdursa, həmin hüquq sahibinin, bu cür yayılma nəticəsində ona dəymiş zərərin normativ-hüquqi aktlarla müəyyən olunmuş qaydada ödənilməsini depozitardan tələb etmək hüququ vardır.

 

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 14 may 1997-ci il