"Təsdiq edilmişdir"
Azərbaycan Respublikasının
Prezidenti yanında Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsi
"17" yanvar 2000-ci il
Sədr ____________H.Babayev
Dövlət özəlləşdirmə opsionlarının buraxılışı, tədavülü və istifadəsi Qaydaları
(27.12.2002-ci il tarixli əlavə və dəyişikliklərlə)
I. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 14 may 1997-ci il tarixli 578 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət özəlləşdirmə opsionları haqqında" və 14 may 1997-ci il tarixli 580 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Milli Depozit Sistemi haqqında" Əsasnamələrə, Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1999-cu il tarixli 161 nömrəli "Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında" Fərmanına və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində dövlət özəlləşdirmə opsionlarının (bundan sonra - özəlləşdirmə opsionları) buraxılışı, tədavülü və istifadəsi qaydalarını müəyyən edir.
II. Özəlləşdirmə opsionlarının buraxılışı
2.1. Özəlləşdirmə opsionlarının buraxılışı Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra - QKDK) tərəfindən xarici sərmayəçilərin müraciətləri əsasında həyata keçirilir.
2.2. Özəlləşdirmə opsionları sənədləşdirilməmiş formada, hesablarda yazılış üsulu ilə buraxılır.
2.3. Özəlləşdirmə opsionlarını əldə etmək məqsədilə xarici sərmayəçilər QKDK-yə müraciət edərək aşağıdakı sənədləri təqdim edirlər:
- ərizə (Forma No1);
- tələb olunan özəlləşdirmə opsionlarının müraciət tarixinə dəyərinin 5%-nin avans şəklində QKDK-nın müəyyən etdiyi müvafiq hesaba ödənilməsi haqqında qəbz;
- hüquqi şəxs olduqda - təsis sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri;
- fiziki şəxs olduqda - şəxsiyyəti təsdiq edən sənəd.
2.4. Özəlləşdirmə opsionlarının alıcısı kimi aşağıdakılar çıxış edə bilər:
- əcnəbilər;
- vətəndaşlığı olmayan şəxslər;
- xarici hüquqi şəxslər və onların nümayəndəlikləri;
- nizamnamə kapitalında xarici sərmayənin payı 50 faizdən çox olan Azərbaycan Respublikasının hüquqi şəxsləri.
2.5. Müraciət vəkil edilmiş şəxs tərəfindən edildikdə, onun səlahiyyətləri dəqiq göstərilməklə müvafiq vəkalətnamə təqdim olunmalıdır.
2.6. Müraciətə 3 (üç) iş günü müddətində baxılır və özəlləşdirmə opsionlarının satılması haqqında müvafiq qərar verilir.
2.7. Ərizəyə müsbət cavab verildiyi halda alıcı özəlləşdirmə opsionlarının tam dəyərinin ödənilməmiş hissəsini 5 (beş) iş günü müddətində müraciət tarixinə olan məzənnə ilə müvafiq bank hesabına ödəməlidir.
2.8. Özəlləşdirmə opsionlarının tam dəyəri 5 (beş) iş günü müddətində ödənilmədikdə avans şəklində ödənilmiş məbləğ geri qaytarılmır.
2.9. Özəlləşdirmə opsionlarının buraxılışına QKDK tərəfindən məhdudiyyətlər qoyula bilər.
2.10. Özəlləşdirmə opsionunun satılmasından imtina edildikdə, müraciət edən şəxsə bu barədə məlumat verilir.
2.11. Özəlləşdirmə opsionlarının alınması barədə müraciətə mənfi cavab verildiyi halda özəlləşdirmə opsionlarının dəyərinin avans şəklində ödənilmiş hissəsi ərizəçiyə geri qaytarılır. Bu zaman bank xərcləri ərizəçinin hesabına ödənilir.
2.12. Özəlləşdirmə opsionlarının əldə olunması barədə müraciətinə mənfi cavab almış şəxs təkrarən müraciət etmək hüququna malikdir. Təkrarən müraciət zamanı yeni müraciət tarixinə qəbz təqdim olunur.
2.13. Özəlləşdirmə opsionlarının satılması barədə qərar verildiyi halda QKDK müraciət edən şəxsə müvafiq arayış təqdim edir (Forma No2).
2.14. Özəlləşdirmə opsionlarını əldə etmiş şəxs QKDK-nin arayışını özəlləşdirmə opsionlarının deponentləşdirilməsi məqsədi ilə Milli Depozit Mərkəzinə (bundan sonra - MDM) təqdim edir və 2 (iki) iş günü ərzində "Dövlət özəlləşdirmə opsionlarının deponentləşdirilməsi haqqında şəhadətnamə"ni (Forma No3 əlavə olunur) alır.
2.15. Özəlləşdirmə opsionunun rəsmi qiyməti müvafiq tarixə 1 (bir) dövlət özəlləşdirmə çekinin orta bazar qiymətinə bərabər müəyyən edilir.
2.16. Özəlləşdirmə opsionunun qiyməti bir iş günü ərzində dəyişməzdir və Azərbaycan Respublikasının ərazisində özəlləşdirmə opsionu ilə bağlı dövlət orqanları tərəfindən aparılan bütün növ əqdlərə şamil edilir.
III. Özəlləşdirmə opsionlarının tədavülü
3.1. Xarici sərmayəçilər arasında özəlləşdirmə opsionları ilə aparılan əqdlərin qeydiyyatı MDM tərəfindən daxili standartlara uyğun olaraq həyata keçirilir. Əqd MDM-də qeydiyyata alındığı andan özəlləşdirmə opsionlarına dair mülkiyyət hüququ alıcıya keçir.
3.2. MDM özəlləşdirmə opsionları ilə aparılmış əqdlərin qeydiyyatı barədə məlumatı 2 (iki) iş günü ərzində QKDK-ya təqdim edir.
IV. Özəlləşdirmə opsionlarının istifadəsi
4.1. Dövlət əmlakının özəlləşdirilməsi prosesində özəlləşdirmə opsionları yalnız dövlət özəlləşdirmə çekləri (bundan sonra - özəlləşdirmə çekləri) ilə birlikdə istifadə edilir və tədavüldən çıxarılır.
4.2. Xarici sərmayəçilər özəlləşdirmə opsionlarından aşağıdakı qaydada istifadə edirlər:
a) xarici sərmayəçilər dövlət əmlakının özəlləşdirilməsi prosesində iştirak etdikdə deponentləşdirmə haqqında şəhadətnaməni Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinə (bundan sonra - DƏN) təqdim edirlər;
b) DƏN tərəfindən deponentləşdirmə haqqında şəhadətnamədə ödəniş üçün qəbul edilmiş özəlləşdirmə opsionlarının sayı barədə qeyd aparılır;
v) DƏN 2 (iki) iş günü müddətindən gec olmayaraq deponentləşdirmə haqqında şəhadətnaməni müvafiq qeydiyyatın aparılması üçün QKDK-ya təqdim edir;
q) QKDK qeydiyyata alınmış deponentləşdirmə haqqında şəhadətnaməni MDM-ə təhvil verir. MDM müvafiq "depo" hesabında dəyişikliklər edir və mülkiyyətçiyə özəlləşdirmə opsionlarının qalıq miqdarına (olduqda) yeni şəhadətnaməni təqdim edir. MDM qüvvədən düşmüş şəhadətnamələrin saxlanılmasını və uçotunun aparılmasını təmin edir.
4.3. Hər özəlləşdirmə opsionu bir çek almaq hüququ verir. Xarici sərmayəçinin özəlləşdirmə prosesində özəlləşdirmə opsionu olmadan özəlləşdirmə çeklərindən istifadə etməsi qadağandır.
4.4. Özəlləşdirilmiş müəssisələrin səhmlərinin və ya kiçik müəssisələrin (obyektlərin) təkrar bazarda alqı-satqısı zamanı özəlləşdirmə opsionlarının təqdim edilməsi tələb olunmur.
4.5. Özəlləşdirmə opsionlarının tədavülü müddəti bitdikdən sonra onlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ləğv edilirlər.
V. Məsuliyyət
5.1. Bu Qaydalarda təsbit olunmuş müddəaları pozan hüquqi və fiziki şəxslər mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
VI. Bu Qaydaların qüvvəyə minməsi
6.1. Bu Qaydalar təsdiq olunduğu gündən qüvvəyə minir.