Azərbaycan Respublikasının Mülki Məcəlləsindən

Çıxarış

 

 

 

Maddə 987. Qiymətli kağız anlayışı

987.1. Qiymətli kağız müəyyənləşdirilmiş formaya riayət olunmaqla hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan nə həyata keçirilə bilər, nə də başqa şəxsə verilə bilər. Qiymətli kağız başqasına verildikdə onun təsdiqlədiyi bütün hüquqlar da keçir.

987.2. Qiymətli kağızlarla təsdiqlənən hüquqların növləri, qiymətli kağızların məcburi rekvizitləri, qiymətli kağızın formasına aid tələblər və digər zəruri tələblər qiymətli kağızlar haqqında qanunlarla və ya onların müəyyənləşdirdiyi qaydada təyin edilir.

987.3. Qiymətli kağızın məcburi rekvizitlərinin olmaması və ya qiymətli kağızın onun üçün müəyyənləşdirilmiş formaya uyğun gəlməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.

Maddə 988. Qiymətli kağız üzrə öhdəliklər və onların icrası

988.1. Qiymətli kağızda borcluya qarşı göstərilmiş hər hansı ayrıca tələb həmin qiymətli kağızla təsdiqlənir. Qiymətli kağızla qarantiya verilmiş tələbin etibarlığı bu tələbi əmələ gətirən əqdin mövcudluğundan və ya etibarlığından asılı deyildir.

988.2. Qiymətli kağız üzrə borclu icranı yalnız qiymətli kağızın ona verilməsi ilə eyni vaxtda həyata keçirməlidir. Borclu qiymətli kağızla təsdiqlənən kreditora icranı hansı həcmdə həyata keçirmişdirsə, öz öhdəliyindən də həmin həcmdə azad edilir.

988.3. Qiymətli kağızı vermiş borclu və onu indossament etmiş bütün şəxslər onun qanuni sahibi qarşısında birgə məsuliyyət daşıyırlar. Qiymətli kağızın qanuni sahibinin tələbi qiymətli kağız üzrə öhdəlik götürmüş bir və ya bir neçə şəxs tərəfindən yerinə yetirildikdə, o (onlar), qiymətli kağız üzrə öhdəlik götürmüş qalan şəxslər qarşısında geriyə tələb (reqres) hüququ əldə edir.

988.4. Qiymətli kağızla təsdiqlənmiş öhdəliyin icrasından onun əsasının olmamasına və ya onun etibarsızlığına istinadla imtina edilməsinə yol verilmir.

988.5. Qiymətli kağızın sahibi qiymətli kağızda aldatma və ya saxtalaşdırma aşkar etdikdə kağızı ona vermiş borcluya qarşı qiymətli kağızla təsdiqlənmiş öhdəliyin lazımınca yerinə yetirilməsi və zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilər.

Maddə 989. Adlı qiymətli kağızlar

989.1. Müəyyən şəxsin adına verilmiş qiymətli kağız adlı qiymətli kağız sayılır.

989.2. Adlı qiymətli kağız üzrə borclu icranı yalnız sənədin sahibi olan və özünü adına sənəd verilmiş şəxs kimi və ya şəxsin hüquq varisi kimi təsdiq edən şəxsə həyata keçirməlidir. Əgər borclu icranı bu cür təsdiq olmadan həyata keçirsə, o öz ixtiyarını sübut edəcək üçüncü şəxs qarşısında öhdəliyindən azad edilmir.

989.3. Əgər adlı kağızda borclu icranı sənədin hər hansı sahibinə həyata keçirmək hüququnu özündə saxlamışdırsa, onun icranı kağız sahibinə həyata keçirmək hüququ vardır, lakin buna borclu deyildir.

Maddə 990. Adsız qiymətli kağızlar

990.1. Qiymətli kağız o halda adsız sayılır ki, ona əsasən borclu öhdəliyi bu qiymətli kağızı təqdim edən istənilən şəxsə icra etməyi öz üzərinə götürür.

990.2. Əgər məhkəmənin qərarı ilə və ya başqa qanuni göstəriş əsasında qadağan edilərsə, borclu adsız qiymətli kağız üzrə sonrakı ödənişləri icra etməməlidir.

Maddə 991. Orderli kağızlar

991.1. Əgər qiymətli kağız üzrə ixtiyarlı şəxs öz sərəncamı ilə öz əvəzinə başqa ixtiyarlı şəxsi təyin edə bilərsə, qiymətli kağız orderli kağız sayılır.

991.2. Borclu icranı yalnız adına və ya sərəncamı ilə sənəd yazılmış şəxs və ya şəxsin hüquq varisi olduğunu sübut edən şəxsə həyata keçirməlidir.

Maddə 992. Qiymətli kağızların bir kateqoriyadan digərinə keçirilməsi

Adlı və ya orderli qiymətli kağız yalnız bütün ixtiyarlı və  mükəlləfiyyətli şəxslərin razılığı ilə adsız qiymətli kağıza çevrilə bilər. Bu razılıq qiymətli kağızın özündə yazılmalıdır.

Maddə 993. Qiymətli kağızın başqasına verilməsi

993.1. Qiymətli kağıza mülkiyyət hüququ qiymətli kağıza sahiblik hüququnun verilməsi yolu ilə verilir.

993.2. Adlı kağızlar veriləndə tələbin güzəşti haqqında yazılı ərizə zəruridir. Bu Məcəllənin 521-ci maddəsinə uyğun olaraq, qiymətli kağız üzrə hüququ başqasına verən şəxs müvafiq tələbin etibarsızlığına görə məsuliyyət daşıyır, lakin onun icra edilməməsi üçün məsuliyyət daşımır.

993.3. Orderli qiymətli kağızlar verilərkən qiymətli kağızın arxa tərəfində tələbin güzəşti haqqında qeyd (indossament) etmək zəruridir. Orderli qiymətli kağız üzrə hüququ verən şəxs (indossant) təkcə hüququn mövcudluğuna görə deyil, həm də onun həyata keçirilməsinə görə məsuliyyət daşıyır. Qiymətli kağızda icra edilmiş indossament qiymətli kağızla təsdiqlənmiş bütün hüquqları o şəxsə keçirir ki, qiymətli kağız üzrə hüquqlar ona və ya onun sərəncamı ilə verilir (indossant).

993.4. İndossament blanklı (icranın həyata keçirilməli olduğu şəxs göstərilmədən) və ya orderli (icranın həyata keçirilməli olduğu və ya əmri ilə həyata keçirilməli olduğu şəxs göstərilməklə) ola bilər. İndossament yalnız qiymətli kağızla təsdiqlənmiş hüquqları həyata keçirmək tapşırığı ilə, bu hüquqlar indossata verilmədən (təkrar tapşırılan indossament) məhdudlaşdırıla bilər. Bu halda indossant nümayəndə kimi çıxış edir.

993.5. İndossament aşağıdakı tələblərə uyğun gəlməlidir:

993.5.1. onda indossant haqqında məlumatlar və indossantın imzası olmalıdır;

993.5.2. sadə olmalı və heç nə ilə şərtlənməməlidir. (İndossamenti məhdudlaşdıran hər cür şərt etibarsız sayılır. Qismən indossament də etibarsızdır.);

993.5.3. qiymətli kağızda və ya ona əlavə edilmiş vərəqdə (əlavə vərəq) yazılmalıdır.

993.6. Qiymətli kağız başqasına verildikdə və bu Məcəllənin 993-cü maddəsində nəzərdə tutulmuş digər şərtlər yerinə yetirildikdə qiymətli kağıza bütün hüquqlar əldə edənə keçir, bu şərtlə ki, həmin qiymətli kağızı başqasına vermək hüququ mövcud olsun.

993.7. Əgər müqavilədə və ya qiymətli kağızın özündə nəzərdə tutulubsa, digər şəxslərin və xüsusən borclunun iştirakı qiymətli kağızın başqasına verilməsi üçün zəruridir.

Maddə 994. Qiymətli kağızların zədələnməsi, korlanması

Qiymətli kağız zədələnmək və ya korlanmaq nəticəsində dövriyyə üçün yararsız olduqda onun sahibi kağızı vermiş şəxsdən zədələnmiş və ya korlanmış kağızın qaytarılması müqabilində yeni qiymətli kağız verməyi tələb edə bilər, bu şərtlə ki, həmin kağızda onun əsas məzmununu və fərqləndirici əlamətlərini inamla müəyyənləşdirmək hələ mümkün olsun. Zədələnmiş və ya korlanmış qiymətli kağızın əvəz olunması xərclərini onun sahibi çəkir.

Maddə 995. Qiymətli kağızın etibarsız elan edilməsi

995.1. Əgər qiymətli kağız itirilmişdirsə, ixtiyarlı şəxsin vəsatəti ilə məhkəmə borclu fiziki şəxsin yaşayış yeri üzrə və ya borclu hüquqi şəxsin olduğu yer üzrə bu qiymətli kağızı etibarsız elan edə bilər. Əgər orderli və ya adsız qiymətli kağızlar itirilmişdirsə, ərizəçinin tələbi ilə məhkəmə qiymətli kağız üzrə mükəlləfiyyətliyə onu ödəməyi qadağan edə bilər.

995.2. Qiymətli kağızın etibarsız elan edilməsi haqqında vəsatəti itki və ya itkinin aşkar edilməsi məqamında bu qiymətli kağız əsasında ixtiyarlı olmuş şəxs verə bilər. Ərizəçi qiymətli kağıza sahibliyini və onun itirildiyini sübuta yetirməlidir. Əgər kupon vərəqi və ya səhm kuponu olan qiymətli kağız sahibi yalnız kupon vərəqini və ya səhm kuponunu itirərsə, vəsatətini əsaslandırması üçün əsas qiymətli kağızı təqdim etməsi kifayətdir.

Maddə 996. Sənədsiz qiymətli kağızlar

996.1. Qanunda nəzərdə tutulmuş hallarda və ya qanunla müəyyənləşdirilmiş qaydada xüsusi icazə (lisenziya) almış şəxs adlı və ya orderli qiymətli kağızla, o cümlədən sənədsiz formada (hesablayıcı elektron texnikası vasitələrinin və i.a. köməyi ilə) təsdiqlənmiş hüquqları təsbit edə bilər. Hüquqların təsbit edilməsinin belə formasına qiymətli kağızlar üçün müəyyənləşdirilmiş qaydalar tətbiq olunur, bu şərtlə ki, təsbitin xüsusiyyətlərindən ayrı qayda irəli gəlməsin.

996.2. Hüququ sənədsiz formada təsbit etmiş şəxs hüquq sahibinin tələbi ilə ona təsbit edilmiş hüququ təsdiqləyən sənəd verməlidir.

996.3. Göstərilən təsbit yolu ilə təsdiqlənən hüquqlar, hüquqların və hüquq sahiblərinin rəsmən təsbit edilməsi qaydası, qeydlərin sənədli surətdə təsdiqlənməsi qaydası və sənədsiz qiymətli kağızlarla əməliyyatların aparılması qaydası qanunla və ya qanunun müəyyənləşdirdiyi qaydada təyin edilir.

996.4. Sənədsiz qiymətli kağızlarla əməliyyatlar yalnız hüquqların qeydiyyatını aparan şəxsə müraciət etməklə aparıla bilər. Hüquqların başqasına verilməsi, təqdim olunması və məhdudlaşdırılması rəsmi yazıların salamatlığı, onların məxfiliyinin təmin edilməsi, bu cür yazılar haqqında düzgün məlumatlar verilməsi, aparılmış əməliyyatlar haqqında rəsmi qeydlərin yazılması üçün məsuliyyət daşıyan bu şəxs tərəfindən rəsmən təsbit edilməlidir.

Maddə 997. Qiymətli kağızların növləri

997.1. Qiymətli kağızlara orderlər, veksellər, çeklər, istiqrazlar, səhmlər, əmtə kağızları və qiymətli kağızlara dair qanunlar ilə qiymətli kağızlar sırasına daxil edilmiş digər sənədlər aiddir.

997.2. İstiqrazlar və səhmlər investisiya qiymətli kağızlarıdır.

997.3. Orderlər, çeklər və veksellər ödəniş qiymətli kağızlarıdır.

997.4. Ticarət kağızları titul qiymətli kağızlarıdır.

2. Order

Maddə 998. Order anlayışı

998.1. Order elə bir sənəddir ki, onun əsasında bir şəxs (çıxarıcı) başqa şəxsə (ödəyiciyə) çıxarıcının hesabına remitentə pul, qiymətli kağızlar və ya digər əvəzolunan əşyalar verməyi tapşırır. Order remitentin adına, adsız və ya əmrə dair qeyd- şərtlə verilə bilər. Əgər order "veksel" və ya "çek" kimi göstərilirsə, onda, birinci növbədə, bu Məcəllənin veksellər və ya çeklər haqqında müddəaları tətbiq edilir.

998.2. Orderi almaqla remitent ödəyicidən öhdəliyin icrasını öz adından tələb etmək hüququ qazanır.

998.3. Ödəyici remitent barəsində öhdəliyi icra etməlidir.

Maddə 999. Orderin ödəyici tərəfindən aksept edilməsi

999.1. Ödəyici remitentə icranı yalnız onun orderi aksept etdiyi halda həyata keçirməlidir. Lakin əgər ödəyici çıxarıcının borclusudursa, ödəyici icranı aksept edilmədən də həyata keçirməlidir.

999.2. Aksept etmə icradan əvvəl və ya icra zamanı bəyan oluna bilər. Əgər aksept etmə icradan əvvəl elan olunursa, ödəyici orderdə aksept haqqında qeyd yazır. Əgər orderdə qeyd onun remitentə təqdim edilməsinədək yazılmışdırsa, remitent üçün aksept ancaq təqdim edilmə anından qüvvəyə malikdir.

999.3. Order ödəyici üçün aksept edildikdə icranı remitentə həyata keçirmək barəsində birbaşa öhdəlik əmələ gəlir. Order aksept edildikdən sonra o, remitentə yalnız akseptin etibarlığına aid olan və ya orderin, yaxud akseptin məzmunundan irəli gələn etirazlarını bildirə bilər.

Maddə 1000. Aksept etməkdən və ya ödənişdən imtina

Əgər ödəniş müddəti çatanadək ödəyici orderi aksept etməkdən və ya ödənişi həyata keçirməkdən imtina edirsə, remitent bu barədə çıxarıcıya dərhal bildiriş verməlidir. Remitent orderdən irəli gələn hüququnu həyata keçirə bilmədikdə və ya həyata keçirmək niyyətində olmadıqda da eyni qayda tətbiq olunur.

Maddə 1001. Çıxarıcının remitentlə münasibətləri

1001.1. Əgər ödəyicinin icranı həyata keçirməsi ilə çıxarıcının borcu ödənilməlidirsə, ödəniş yalnız ödəyici tərəfindən orderin remitentə icrasından sonra yerinə yetirilmiş sayılır.

1001.2. Remitent orderi qəbul edərək, çıxarıcıya qarşı öz tələb hüququnu yalnız o halda həyata keçirə bilər ki, ödəyicidən ödənişin icrasını tələb etsin və onu orderdə nəzərdə tutulan müddət qurtardıqdan sonra almasın.

1001.3. Order ona dəlalət edir ki, başlıca əqd üzrə ixtiyarlının çıxarıcıya qarşı müvafiq tələbi vardır.

Maddə 1002. Orderin geri götürülməsi

Ödəyici orderi aksept edənədək və ya ödənişi icra edənədək çıxarıcı ondan orderi geri götürə bilər.

Maddə 1003. Orderin başqasına verilməsi

1003.1. Remitent orderi hələ aksept edilməmiş olsa belə, hər hansı üçüncü şəxsə keçirə bilər.

1003.2. Çıxarıcı orderin keçirilməsini istisna edə bilər. Ödəyici üçün belə istisna yalnız o halda etibarlıdır ki, orderdə onun haqqında qeyd-şərt edilmiş olsun və ya ödəyici orderi aksept etməzdən və ya ödənişi icra etməzdən əvvəl çıxarıcı ödəyiciyə bu barədə məlumat vermiş olsun.

3. Veksel

Maddə 1004. Veksel anlayışı

Veksellər orderli qiymətli kağızlardır, veksel verən onların vasitəsilə müəyyən şəxsə müəyyən məbləğ ödəmək barəsində başqa şəxsə (ödəyiciyə) göstəriş verir (köçürmə vekseli) və ya hər hansı müəyyən şəxsə və ya bu şəxsin sərəncamına müəyyən məbləğ ödəməyi öhdəsinə götürür (sadə veksel).

Maddə 1005. Köçürmə vekseli

1005.1. Köçürmə vekseli aşağıdakı rekvizitlərin olduğu sənəddir:

1005.1.1. Sənədin mətninə daxil edilmiş "veksel" adı

1005.1.2. veksel verənin müəyyən məbləği ödəmək barəsində sadə və heç nə ilə şərtləşdirilməmiş göstərişi;

1005.1.3. kim ödəməlidirsə, onun (ödəyicinin) adı

1005.1.4. ödəniş kimə və ya kimin sərəncamı ilə icra edilməlidirsə, onun adı

1005.1.5. vekselin tərtib edildiyi tarix;

1055.1.6. veksel verənin imzası

1005.1.7. vekselin tərtib edildiyi yer;

1005.1.8. vekselin ödənilməsi vaxtı (veksel üzrə ödəniş müddəti);

1005.1.9. ödənişin icra edilməli olduğu yer.

1005.2. Bu Məcəllənin 1005.1-ci maddəsində göstərilmiş rekvizitlərdən hər hansı birinin olmadığı sənədin, aşağıdakı hallar istisna olmaqla, köçürmə vekseli qüvvəsi yoxdur:

1005.2.1. ödəniş müddəti göstərilməmiş köçürmə vekseli təqdim edildikdə ödənilməli olan veksel (müddəti təqdim edilməsi ilə müəyyənləşdirilən veksel) sayılır;

1005.2.2. ödəniş yeri xüsusi göstərilmədikdə ödəyicinin adı ilə yanaşı göstərilmiş yer ödəniş yeri və bununla birlikdə, ödəyicinin yaşayış yeri və ya olduğu yer sayılır;

1005.2.3. tərtib edildiyi yer göstərilməmiş köçürmə vekseli veksel verənin adı ilə yanaşı göstərilmiş yerdə imzalanmış sayılır;

1005.2.4. verildiyi məqamda tam doldurulmamış köçürmə vekseli başqa şəxslərə verildikdə və həmin şəxslərə vekseldə çatışmayan məlumatları sonradan tamamlamaq hüququ verildikdə blank vekseli qüvvəsinə malik olur.

Maddə 1006. Köçürmə veksellərinin növləri

1006.1. Köçürmə vekseli veksel verənin özünün sərəncamı ilə verilə bilər.

1006.2. Köçürmə vekseli veksel verənin özünə verilə bilər.

1006.3. Köçürmə vekseli üçüncü şəxsin hesabına verilə bilər.

Maddə 1007. Köçürmə vekseli üzrə ödəniş yeri

Köçürmə vekseli üçüncü şəxsdə, ödəyicinin yaşayış yerində və ya olduğu yerdə və ya hər hansı başqa yerdə ödənilməli ola bilər.

Maddə 1008. Veksel üzrə faizlər

1008.1. Təqdim edildikdə və ya təqdim edildikdən sonra müəyyən vaxt ərzində ödənilməli olan köçürmə vekselində veksel verən şərt qoya bilər ki, veksel məbləğinin üstünə faizlər hesablanacaqdır.

1008.2. Faiz dərəcəsi vekseldə göstərilməlidir; belə göstəriş olmadıqda şərt yazılmamış sayılır.

1008.3. Faizlərin hesablanmağa başlandığı gün göstərilmədikdə onlar vekselin tərtib edildiyi gündən hesablanmalıdır.

Maddə 1009. Veksel məbləği

1009.1. Əgər veksel məbləği həm sözlə, həm də rəqəmlə göstərilmişdirsə, onların arasında fərq olduqda vekselin yazı ilə göstərilmiş məbləğdə qüvvəsi olur.

1009.2. Əgər köçürmə vekselində məbləğ bir neçə dəfə yazı ilə və bir neçə dəfə rəqəmlə göstərilmişdirsə, onların arasında fərq olduqda vekselin daha az məbləğdə qüvvəsi olur.

Maddə 1010. Köçürmə vekselində etibarsız imzalar

Köçürmə vekselində veksel üzrə öhdəlik götürə bilməyən şəxslərin imzaları, saxta imzalar və ya uydurma şəxslərin imzaları olduqda və ya imzaları atmış və ya adından imzalar atılmış şəxsləri hər hansı başqa əsasla mükəlləfiyyətli edə bilməyən imzalar olduqda, digər şəxslərin imzaları qüvvəsini itirmir.

Maddə 1011. Nümayəndəlik səlahiyyəti olmayan şəxsin köçürmə

vekselini imzalaması

Şəxsin adından fəaliyyət göstərmək üçün səlahiyyət almadan onun nümayəndəsi kimi köçürmə vekselini imzalamış hər bir şəxs veksel üzrə öhdəlikləri özü daşıyır və əgər veksel üzrə ödənişi həyata keçirmişdirsə, təmsil etdiyi şəxsin malik ola biləcəyi hüquqlara malik olur. Öz səlahiyyətlərini aşan nümayəndə də eynilə bu vəziyyətdə olur.

Maddə 1012. Veksel verənin məsuliyyəti

1012.1. Veksel verən aksept və ödəniş üçün məsuliyyət daşıyır.

1012.2. Veksel verən aksept üçün məsuliyyəti öhdəsindən götürə bilər, lakin ödəniş üçün məsuliyyəti öhdəsindən götürə bilməz.

Maddə 1013. Vekselin aksepti

1013.1. Ödəyici aksept vasitəsilə köçürmə vekselini vaxtında ödəmək öhdəliyini götürür. Ödənişin həyata keçirilmədiyi halda veksel verən akseptanta qarşı məhkəməyə iddia verə bilər.

1013.2. Aksept vekseldə yazılı bəyanat vasitəsilə ifadə edilir.

1013.3. Əgər veksel təqdim edildikdən sonra müəyyən müddətdə ödənilməlidirsə və ya əgər xüsusi şərtə görə veksel aksept üçün müəyyən müddətdə təqdim edilməlidirsə, akseptə onun verildiyi günün tarixi qoyulmalıdır, bu şərtlə ki, veksel saxlayan akseptə təqdim edilmə gününün tarixini qoymağı tələb etməsin.

1013.4. Əgər veksel verən köçürmə vekselində ödəniş yeri kimi ödəyicinin yaşayış yerini və ya olduğu yeri deyil, başqa yeri göstərmişdirsə və bu zaman ödənişin hansı üçüncü şəxsdə icra edilməli olduğunu göstərməmişdirsə, ödəyici həmin şəxsi aksept zamanı göstərə bilər.

1013.5. Əgər veksel ödəyicinin yaşayış yerində və ya olduğu yerdə ödənilməlidirsə, ödəyici akseptdə ödənişin icra edilməli olduğu yerdəki hər hansı ünvanı göstərə bilər.

1013.6. Ödəyici aksepti veksel məbləğinin bir hissəsi ilə məhdudlaşdıra bilər.

1013.7. Qalan məsələlərdə aksept sadə olmalı və heç nə ilə şərtləşdirilməməlidir. Köçürmə vekselinin məzmununda akseptin etdiyi hər hansı başqa dəyişiklik akseptdən imtinaya bərabərdir.

Maddə 1014. Köçürmə vekselinin aksept üçün təqdim edilməsi

1014.1. Veksel saxlayan və ya vekseli olan hər hansı şəxs köçürmə vekselini ödəniş müddəti çatanadək aksept üçün ödəyiciyə onun yaşayış yerində təqdim edə bilər.

1014.2. Veksel verən aşağıdakıları edə bilər:

1014.2.1. köçürmə vekselində şərt qoya bilər ki, veksel aksept üçün müddət təyin edilməklə və ya təyin edilmədən təqdim oluna bilər;

1014.2.2. üçüncü şəxsdə ödənilməli olan köçürmə vekseli və ya ödəyicinin yaşayış yerində və ya olduğu yerdə deyil, başqa yerdə ödənilməli olan veksel və ya təqdim edildikdən müəyyən müddət sonra ödənilməli olan veksel istisna edilməklə, vekseldə onun aksept üçün təqdim olunmasını qadağan edə bilər;

1014.2.3. şərt qoya bilər ki, veksel aksept üçün müəyyən müddətdən tez təqdim edilə bilməz.

1014.3. Hər bir indossant şərt qoya bilər ki, veksel aksept üçün müddət təyin edilməklə və ya təyin edilmədən təqdim oluna bilər, bu şərtlə ki, veksel verən onun aksept üçün təqdim olunmasını qadağan etməsin.

1014.4. Təqdim edildikdən sonra müəyyən müddətdə ödənilməli olan köçürmə vekseli aksept üçün onun verildiyi gündən bir il ərzində təqdim edilməlidir. Veksel verən başqa müddət təyin edə bilər. İndossantlar bu müddəti qısalda bilərlər.

Maddə 1015. Köçürmə vekseli üzrə akseptin geri götürülməsi

1015.1. Köçürmə vekselində öz aksepti barəsində qeyd yazmış ödəyici veksel qaytarılanadək qeydin üstündən xətt çəkdikdə hesab edilir ki, akseptdən imtina olunmuşdur.

1015.2. Lakin ödəyici öz aksepti barəsində veksel saxlayana və ya vekseldə imza edənlərin hər hansı birinə yazılı məlumat vermişdirsə, onların qarşısında öz akseptinin şərtlərinə uyğun məsuliyyət daşıyır.

Maddə 1016. Aval (veksel zaminliyi)

1016.1. Köçürmə vekseli üzrə ödəniş veksel zaminliyi (aval) vasitəsilə tamamilə və ya qismən təmin edilə bilər.

1016.2. Avalı üçüncü şəxs və ya vekseldə imza etmiş şəxslərdən biri verə bilər.

1016.3. Veksel zaminliyi köçürmə vekselində və ya əlavə vərəqdə verilir. Aval üçün ödəyici və ya veksel verən olmayan avalçının köçürmə vekselinin üz tərəfində qoyduğu imza kifayətdir.

1016.4. Avalda onun kimin hesabına verildiyi göstərilməlidir. Bu, göstərilmədikdə hesab edilir ki, aval veksel verənin hesabına verilmişdir.

1016.5. Avalçı avalı kimin əvəzinə vermişdirsə, onun qədər məsuliyyət daşıyır. Onun öhdəliyi qarantiya verdiyi öhdəliyin etibarsız olduğu halda da qüvvədə qalır.

1016.6. Avalçı köçürmə vekselini ödəyərək həmin vekseldən irəli gələn hüquqları qarantiya verdiyi şəxsə qarşı və köçürmə vekselinə görə onun qarşısında mükəlləfiyyətli olanların hamısına qarşı əldə edir.

Maddə 1017. Vekselin başqasına verilməsi

1017.1. İstənilən köçürmə vekseli indossament vasitəsilə başqasına verilə bilər.

1017.2. İndossament həmçinin veksel verənin və veksel üzrə mükəlləfiyyətli olan hər hansı digər şəxsin xeyrinə icra edilə bilər. Bu, vekseli aksept edib-etmədiyindən asılı olmayaraq ödəyici üçün də qüvvədədir. Bu şəxslər də vekseli indossament edə bilərlər.

Maddə 1018. İndossantın məsuliyyəti

Əgər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, indossant aksept və ödəniş üçün məsuliyyət daşıyır. İndossant öz indossamentində sonrakı indossamenti qadağan edirsə, veksel xeyrinə indossament edilmiş şəxslərin qarşısında məsuliyyət daşımır.

Maddə 1019. Veksel saxlayanın xeyrinə ehtimallar

1019.1. Köçürmə vekseli olan şəxs indossamentlərin ardıcıl sırasına öz hüququnu əsaslandırırsa, hətta sonuncu indossament blank indossamenti olsa da, qanuni veksel saxlayandır. Bu zaman üstündən xətt çəkilmiş indossamentlər yazılmamış sayılırlar. Blank indossamentinin ardınca başqa indossament gəldikdə bu sonuncunu imzalamış şəxs blank indossamenti üzrə veksel əldə edən sayılır.

1019.2. Əgər əvvəlki veksel saxlayan köçürmə vekselini hər hansı səbəblərə görə itirmişsə, bu Məcəllənin 1019.1-ci maddəsinə əsasən öz hüququnu sübuta yetirən yeni veksel saxlayan vekseli yalnız onu haqsız əldə etdiyi və ya əldə edərkən kobud ehtiyatsızlıq göstərmiş olduğu halda geri verməyə borcludur.

Maddə 1020. Yenidən tapşırma indossamenti

1020.1. Əgər indossamentdə sadə tapşırıqdan ibarət hər hansı qeyd-şərt qoyulmuşdursa, veksel saxlayan köçürmə vekselindən irəli gələn bütün hüquqları həyata keçirə bilər, lakin onu yalnız yenidən tapşırma qaydasında indossament edə bilər.

1020.2. Yenidən tapşırma indossamentində olan tapşırığa yenidən tapşıranın ölümü və ya fəaliyyət qabiliyyətini itirməsi nəticəsində xitam verilmir.

Maddə 1021. Girov indossamenti

Əgər indossamentdə girovu nəzərdə tutan qeyd-şərt qoyulmuşdursa, veksel saxlayan köçürmə vekselindən irəli gələn bütün hüquqları həyata keçirə bilər, lakin onun qoyduğu indossamentin yalnız yenidən tapşırma indossamenti kimi qüvvəsi vardır.

Maddə 1022. Ödəniş müddətindən sonra indossament

1022.1. Ödəniş müddətindən sonra icra edilmiş indossament həmin müddətdən əvvəl icra edilmiş indossamentlə eyni nəticələrə səbəb olur.

1022.2. Tarixi qoyulmamış indossament, nə qədər ki əksi sübuta yetirilməmişdir, müddət bitənədək icra edilmiş sayılır.

Maddə 1023. Köçürmə vekselinin ödəniş vaxtı (ödəniş müddətləri)

1023.1. Köçürmə vekseli aşağıdakı ödəniş müddəti ilə verilə bilər:

1023.1.1. təqdim edildiyi an;

1023.1.2. təqdim edildikdən sonra müəyyən müddətdə;

1023.1.3. tərtib edildikdən sonra dəqiq göstərilmiş vaxtda;

1023.1.4. müəyyən gündə.

1023.2. Başqa ödəniş müddətləri və ya bir neçə ardıcıl ödəniş müddəti olan köçürmə vekselləri etibarsızdır.

Maddə 1024. Ödəniş müddəti təqdim edildiyi an çatan köçürmə vekseli

1024.1. Ödəniş müddəti təqdim edildiyi an çatan köçürmə vekseli təqdim edildikdə dərhal ödənilməlidir. Ödəniş üçün həmin veksel tərtib edildiyi gündən bir il ərzində təqdim edilməlidir. Veksel verən bu müddəti qısalda və ya daha uzun müddət təyin edə bilər. Bu müddətləri indossantlar qısalda bilərlər.

1024.2. Veksel verən müəyyənləşdirə bilər ki, ödəniş müddəti təqdim edildiyi an çatan köçürmə vekseli ödəniş üçün müəyyən müddətdən tez təqdim edilə bilməz. Bu halda təqdim edilmə müddətinin axımı həmin vaxtdan başlanır.

Maddə 1025. Təqdim edildikdən sonra müəyyən müddətdə ödənilən köçürmə vekseli

1025.1. Təqdim edildikdən sonra müəyyən ödəniş müddəti ilə verilmiş köçürmə vekseli üzrə ödəniş müddəti akseptdə göstərilən tarixlə təyin edilir.

1025.2. Əgər akseptdə tarix göstərilməyibsə, akseptant barəsində veksel aksept üçün təqdim edilmək üçün nəzərdə tutulan müddətin sonuncu günündə aksept edilmiş sayılır.

Maddə 1026. Veksellər üzrə ödəniş müddətlərinin hesablanması

1026.1. Tərtib edildikdən və ya təqdim olunduqdan sonra bir və ya bir neçə aylıq müddətə verilmiş köçürmə vekseli üzrə ödəniş müddəti ödənişin icra edilməli olduğu ayın müvafiq günündə çatır.

Həmin ayda müvafiq gün olmadıqda ödəniş müddəti həmin ayın sonuncu günündə çatır.

1026.2. Əgər köçürmə vekseli tərtib edildikdən və ya təqdim olunduqdan sonra bir ay yarım və ya bir neçə ay üstəgəl yarım ay müddətinə verilmişdirsə, əvvəlcə tam aylar hesablanır.

1026.3. Əgər ödəniş müddəti ayın əvvəlinə, ortasına və ya axırına təyin edilmişdirsə, bu ifadələr ayın birinci, on beşinci və ya sonuncu gününü bildirir.

1026.4. "Səkkiz gün" və ya "on beş gün" ifadəsi bir və ya iki həftəni deyil, tam səkkiz və ya on beş günlük müddəti bildirir.

1026.5. "Yarım ay" ifadəsi on beş günlük müddəti bildirir.

1026.6. Əgər köçürmə vekseli onun verildiyi yerdəki təqvimdən fərqlənən başqa təqvimin qəbul olunduğu hər hansı yerdə müəyyən gün ödənilməlidirsə, ödəniş müddəti ödəniş yerinin təqvimi üzrə təyin edilmiş sayılır.

1026.7. Tərtib edildikdən sonra müəyyən ödəniş müddəti ilə verilmiş köçürmə vekselinin verildiyi yerdə və ödəniş yerində müxtəlif təqvimlər qüvvədədirsə, ödəniş yerinin təqvimində verilmə gününə uyğun tarix müəyyənləşdirilir və ondan asılı olaraq ödəniş müddəti təyin edilir.

1026.8. Köçürmə veksellərinin təqdim edilməsi üçün müddətlər bu Məcəllənin 1026.7-ci maddəsinə əsasən hesablanır.

Maddə 1027. Vekselin ödəniş üçün təqdim edilməsi

1027.1. Tərtib edildikdən və ya təqdim olunduqdan sonra müəyyən ödəniş müddəti ilə verilmiş köçürmə vekselini saxlayan ödəniş üçün köçürmə vekselini ya onun ödənilməli olduğu gün, ya da həmin gündən sonrakı iki iş günündən birində təqdim etməlidir.

1027.2. Köçürmə vekseli ödəniş üçün bu Məcəllənin 1027.1-ci maddəsində müəyyənləşdirilmiş müddət ərzində təqdim edilmədikdə borclu veksel məbləğini kreditorun yaşayış yeri üzrə məhkəməyə depozitə verə bilər.

Maddə 1028. Ödənişin alınması barədə qəbz təqdim edilməsi. Qismən ödəniş

1028.1. Köçürmə vekselini ödəyərkən ödəyici tələb edə bilər ki, veksel saxlayan vekseli ona ödənişi aldığı barədə qəbzlə təqdim etsin.

1028.2. Veksel saxlayan qismən ödənişin qəbulundan imtina edə bilməz.

1028.3. Vekselin qismən ödənildiyi halda ödəyici tələb edə bilər ki, bu cür ödənişə dair vekseldə qeyd edilsin və bu barədə ona qəbz verilsin.

Maddə 1029. Veksel üzrə ödəniş müddəti çatanadək və çatdıqda ödəniş

1029.1. Veksel saxlayan köçürmə vekselini ödəniş üçün onun ödəniş müddəti çatanadək qəbul etməyə borclu deyildir.

1029.2. Vekseli müddət çatanadək ödəyən ödəyici bunu öz riski ilə edir.

1029.3. Vekseli vaxtında ödəyən şəxs öhdəlikdən azaddır.

1029.4. Ödəyici indossamentlərin ardıcıl sırasının düzgünlüyünü yoxlamağa borcludur, lakin indossantların imzalarını yoxlamağa borclu deyildir.

Maddə 1030. Xarici valyuta ilə verilən veksellər

1030.1. Əgər köçürmə vekseli xarici valyuta ilə yazılıb verilmişdirsə, onun məbləği ödəniş müddətinin çatdığı günün məzənnəsi üzrə manatla ödənilə bilər. Əgər borclu ödənişi gecikdirmişsə, veksel saxlayan öz mülahizəsinə əsasən tələb edə bilər ki, köçürmə vekselinin məbləği ya ödəniş müddətinin çatdığı günün, ya da ödəniş gününün məzənnəsi üzrə manatla ödənilsin.

1030.2. Xarici valyutanın məzənnəsini Azərbaycan Respublikasının Milli Bankı müəyyənləşdirir. Lakin veksel verən şərt qoya bilər ki, ödənilməli məbləğ vekseldə göstərilmiş məzənnə üzrə hesablanacaqdır.

1030.3. Veksel verən ödənişin vekseldə göstərilmiş müəyyən valyuta ilə həyata keçirilməli olduğu barədə məcburi şərt qoyduqda, bu Məcəllənin 1030.1 və 1030.2-ci maddələrinin müddəaları tətbiq edilmir.

Maddə 1031. Vekselin ödənişindən və ya akseptindən imtina

1031.1. Əgər köçürmə vekselini ödəməkdən imtina edilmişdirsə, ödəniş müddəti çatdıqda veksel saxlayan özünün reqres hüquqlarını indossantlara, veksel verənə və veksel üzrə digər mükəlləfiyyətlilərə qarşı həyata keçirə bilər.

1031.2. Ödəyici köçürmə vekselinin akseptindən tamamilə və ya qismən imtina etdikdə, veksel saxlayana da eyni hüquq ödəniş müddəti çatanadək mənsub olur.

Maddə 1032. Akseptdən və ya ödənişdən rəsmi akt üzrə imtina (protest)

1032.1. Akseptdən və ya ödənişdən imtina bu Məcəllənin 1033- cü maddəsinə uyğun tərtib edilmiş rəsmi aktla təsdiqlənməlidir (akseptdən və ya ödənişdən imtinaya protest).

1032.2. Akseptdən imtinaya protest vekselin akseptə təqdim edilməsi üçün müəyyənləşdirilmiş müddətlərdə verilməlidir. Əgər vekselin aksept üçün ilk təqdimatı müddətin sonuncu günündə baş vermişdirsə, protest növbəti gündə də verilə bilər.

1032.3. Tərtib edildikdən və ya təqdim olunduqdan sonra müəyyən ödəniş günü və ya müəyyən ödəniş müddəti olan köçürmə vekselini ödəməkdən imtina edilməsinə protest köçürmə vekselinin ödənilməli olduğu gündən sonrakı iki iş günündən birində verilməlidir. Ödəniş müddəti təqdim edildiyi an çatan köçürmə vekseli ilə əlaqədar protest bu Məcəllənin 1032.2-ci maddəsində müəyyənləşdirilmiş müddətlərdə verilməlidir.

1032.4. Akseptdən imtinaya protest verilməsi vekselin ödəniş üçün təqdim edilməsindən və ödənişdən imtinaya protestdən azad edir.

1032.5. Ödəyici ödənişləri dayandırdıqda onun vekseli aksept edib-etmədiyindən asılı olmayaraq veksel saxlayan özünə mənsub hüquqları yalnız veksel ödəniş üçün ödəyiciyə təqdim edildikdən və protest verildikdən sonra həyata keçirə bilər.

Maddə 1033. Veksel üzrə akseptdən və ya ödənişdən imtinaya protest verilməsi

1033.1. Protest məhkəmə icraçısı, notarius və ya müvafiq icra hakimiyyəti orqanının rəsmi sənədlərin tərtibinə vəkil etdiyi digər şəxs tərəfindən tərtib edilməlidir.

1033.2. Protestdə aşağıdakı məlumatlar göstərilməlidir:

1033.2.1. protest verən şəxsin adı

1033.2.2. protest kimə qarşı yönəldilmişdirsə, həmin şəxsin adı

1033.2.3. protestin yönəldildiyi şəxsdən ödənişi həyata keçirmək və ya aksepti icra etmək barəsində xahişlər edilməsinin nəticəsiz qaldığının göstərilməsi; və ya onu yerində tapmağın mümkün olmadığının göstərilməsi; və ya protestin yönəldildiyi şəxsin yaşayış yerini və ya olduğu yeri müəyyənləşdirməyin mümkün olmadığının göstərilməsi;

1033.2.4. nəticəsiz qalmış xahişin verildiyi və ya cəhdin edildiyi yerin və günün göstərilməsi.

1033.3. Protest tərtib edən şəxs onu imzalayır və köçürmə vekselinin arxa tərəfinə və ya ona qoşulmuş vərəqə möhür və ya ştempel vurur.

1033.4. Əgər eyni köçürmə vekselinin bir neçə nüsxəsi təqdim edilərkən və ya onun əsli və surəti təqdim edilərkən protest verilirsə, protestin nüsxələrdən birində və ya vekselin əslində yazılması kifayətdir. Digər nüsxələrdə və ya surətdə protestin hansı nüsxədə yazıldığı və ya vekselin əslində olduğu qeyd edilməlidir. Bu qeydi protesti tərtib etmiş şəxs imzalamalıdır.

1033.5. Əgər aksept veksel məbləğinin bir hissəsi ilə məhdudlaşdırıldığına görə protest verilirsə, köçürmə vekselinin surəti tərtib edilir və protest həmin surətə və ya ona qoşulan vərəqə yazılır. Köçürmə vekselində olan indossamentlər və digər qeydlər onun surətində də olmalıdır.

1033.6. Əgər köçürmə vekselindən irəli gələn bir neçə tələb bir neçə şəxsə və ya eyni şəxsə qarşı irəli sürülməlidirsə, çoxsaylı tələblər üçün bir protestin tərtibi kifayətdir.

1033.7. Protesti tərtib edən şəxs onun bir surətini özündə saxlamalıdır. Bu surətdə aşağıdakılar göstərilməlidir:

1033.7.1. veksel məbləği;

1033.7.2. ödəniş müddəti;

1033.7.3. protestin tərtib edildiyi yer və tarix;

1033.7.4. veksel verənin, ödəyicinin adı, habelə ödəniş kimə və ya kimin sərəncamı ilə həyata keçirilməlidirsə, onun adı.

Maddə 1034. Veksel üzrə akseptdən və ya ödənişdən imtina barəsində bildiriş

1034.1. Veksel saxlayan akseptdən və ya ödənişdən imtina barəsində öz indossantına və veksel verənə protest günündən sonrakı dörd iş günü ərzində bildiriş verməlidir. Hər bir indossant bildirişi aldığı gündən sonrakı iki iş günü ərzində öz indossantına bu bildiriş barəsində, əvvəlki bildirişləri göndərənlərin, o cümlədən veksel verənin adlarını və ünvanlarını göstərməklə məlumat verməlidir. Yuxarıda göstərilən müddətlərin axımı əvvəlki bildirişin alındığı gündən başlanır.

1034.2. Əgər bu Məcəllənin 1034.1-ci maddəsinə əsasən, köçürmə vekselinə imza etmiş şəxsə bildiriş göndərilərsə, eyni bildiriş eyni müddətdə veksel üçün aval vermiş şəxsə də göndərilməlidir.

1034.3. İndossantlardan hər hansı biri öz ünvanını göstərmədikdə və ya dolaşıq göstərdikdə bildirişin ondan əvvəlki indossanta göndərilməsi kifayətdir.

1034.4. Bildiriş istənilən formada, hətta köçürmə vekselinin sadə qaytarılması yolu ilə verilə bilər.

1034.5. Bildirişi göndərməli olan onu müəyyənləşdirilmiş müddətdə göndərdiyini sübuta yetirməlidir. Əgər bildirişdən ibarət məktub göstərilmiş müddətdə poçtla yola salınmışdırsa, müddətə riayət edildiyi hesab olunur.

1034.6. Bildirişi yuxarıda göstərilmiş müddətdə göndərməyən şəxs öz hüquqlarını itirmir, lakin öz səliqəsizliyi üzündən əmələ gələ bilən zərər üçün veksel məbləği həddində məsuliyyət daşıyır.

Maddə 1035. Veksel üzrə akseptdən və ya ödənişdən imtinaya protest verməkdən azad edilmə

1035.1. Veksel verən, indossant və ya avalçı vekselə daxil edilmiş və imzalanmış qeyd-şərt vasitəsilə veksel saxlayanı akseptdən və ya ödənişdən imtinaya protest vermək öhdəliyindən azad edə bilər.

1035.2. Bu qeyd-şərt veksel saxlayanı köçürmə vekselini müəyyənləşdirilmiş müddətdə təqdim etmək və bildiriş göndərmək vəzifəsindən azad etmir. Müddətlərə riayət olunmadığını veksel saxlayanla mübahisədə bu hala istinad edən şəxs sübuta yetirməlidir.

1035.3. Əgər qeyd-şərti veksel verən daxil etmişdirsə, bu qeyd-şərtin vekseli imzalamış bütün şəxslər barəsində qüvvəsi vardır. Qeyd-şərti indossant və ya avalçı daxil etmişdirsə, həmin qeyd-şərtin onların özləri barəsində qüvvəsi vardır.

Maddə 1036. Veksel üzrə mükəlləfiyyətlilərin məsuliyyəti

1036.1. Köçürmə vekselini vermiş, aksept etmiş, indossament etmiş və ya ona aval qoymuş bütün şəxslər veksel saxlayan qarşısında birgə borclular kimi məsuliyyət daşıyırlar.

1036.2. Veksel saxlayan bu şəxslərin ayrılıqda hər birinə və ya birlikdə hamısına qarşı onların ardıcıllığını gözləmədən iddia irəli sürmək hüququna malikdir.

1036.3. Köçürmə vekselini imzalamış hər kəs onu ödədikdən sonra eyni hüquqa malikdir.

Maddə 1037. Ödənişdən və ya akseptdən imtina edildikdə veksel saxlayanın hüququ

1037.0. Veksel saxlayan iddia irəli sürdüyü şəxsdən aşağıdakıları tələb edə bilər:

1037.0.1. Aksept edilməmiş və ya ödənilməmiş köçürmə vekselinin məbləğini və əgər şərtləşdirilmişdirsə, faizləri;

1037.0.2. Ödəniş müddətinin çatdığı gündən faizləri;

1037.0.3. Protest üzrə və bildiriş göndərmək üzrə xərcləri, habelə digər xərcləri.

Maddə 1038. Ödəyicinin hüquqları

Ödəyici onun qarşısında mükəlləfiyyətli olan şəxslərdən bütün ödənilmiş məbləği, həmin məbləğə ödəniş günündən hesablanan faizləri və çəkdiyi xərcləri tələb edə bilər.

Maddə 1039. Veksel sənədlərinin təqdim edilməsi

1039.1. İddia irəli sürülmüş və ya irəli sürülə biləcək hər bir mükəlləfiyyətli şəxs tələb edə bilər ki, veksel məbləğinin ödənilməsi müqabilində ona protestlə və ödəniş qəbzi ilə birlikdə köçürmə vekseli verilsin.

1039.2. Köçürmə vekselini ödəmiş hər bir indossant öz indossamentinin və özündən sonrakı indossantların indossamentlərinin üstündən xətt çəkə bilər.

Maddə 1040. Qismən akseptdən sonra reqres tələbi

Qismən akseptdən sonra reqres tələbinin irəli sürüldüyü halda

vekselin aksept edilmədiyi məbləği ödəyən həmin ödənişin vekseldə

qeyd olunmasını və bu barədə ona qəbz verilməsini tələb edə bilər.

Veksel saxlayan bundan əlavə, ona vekselin təsdiqlənmiş surətini

və protest aktını verməlidir ki, o, sonrakı reqres tələbini həyata

keçirə bilsin.

Maddə 1041. Geriyə tratta

İddia irəli sürmək hüququ olan şəxs, əgər əks razılaşma

yoxdursa, onun qarşısında mükəlləfiyyətli şəxslərdən birinə ödəniş

müddəti təqdim edildiyi an çatan, həmin şəxsin yaşayış yeri üzrə

ödənilməli olan yeni veksel vermək vasitəsilə ödənişi ala bilər

(geriyə tratta).

Maddə 1042. Müddətlər keçdikdə veksel saxlayanın hüquqlarını

itirməsi

1042.1. Veksel saxlayan indossantlara qarşı, veksel verənə

qarşı və akseptant istisna olmaqla, veksel üzrə mükəlləfiyyətli

olan digər şəxslərə qarşı öz hüquqlarını aşağıdakılar üçün

müəyyənləşdirilmiş müddətlər keçdikdə itirir:

1042.1.1. təqdim edildiyi an və ya təqdim edildikdən sonra

müəyyən müddətdə ödənilən köçürmə vekselinin təqdim edilməsi üçün;

1042.1.2. akseptdən və ya ödənişdən imtina nəticəsində

protestin verilməsi üçün;

1042.1.3. müvafiq qeyd-şərtin olduğu halda ödənişə təqdim

etmək üçün.

1042.2. Vekseli aksept üçün veksel verənin şərtləşdirdiyi

müddətdə təqdim etmədikdə veksel saxlayan həm ödənişdən imtina

nəticəsində, həm də akseptdən imtina nəticəsində əmələ gələn və

ona mənsub olan hüquqları itirir.

1042.3. Əgər vekselin ödəniş üçün təqdim edilməsi müddəti

indossamentdə şərtləşdirilmişdirsə, ona yalnız indossant istinad

edə bilər.

1042.4. Əgər müəyyənləşdirilmiş müddətdə köçürmə vekselinin

təqdim edilməsinə və ya protestin verilməsinə qarşısıalınmaz maneə

varsa, bu cür hərəkətlər üçün müəyyənləşdirilmiş müddətlər

qarşısıalınmaz qüvvənin təsir etdiyi müddətə uzadılır və bu

müddətə 14 gün əlavə edilir. Şəxsən veksel saxlayana və ya onun

vekseli təqdim etməyi və ya protest verməyi tapşırdığı şəxsə aid

olan hallar qarşısıalınmaz qüvvə sayılmır.

Maddə 1043. Vekselin bir neçə nüsxəsinin verilməsi

1043.1. Köçürmə vekseli bir neçə eyni nüsxədə verilə bilər.

Bu nüsxələrə vekselin özündə ardıcıl nömrələr qoyulmalıdır; əks

halda onların hər biri ayrıca köçürmə vekseli sayılır. Əgər

vekseldə onun yeganə nüsxədə verildiyi göstərilməyibsə, veksel

saxlayan öz hesabına onun bir neçə nüsxəsinin verilməsini tələb

edə bilər. Bu məqsədlə o bilavasitə özündən əvvəlki indossanta

müraciət etməlidir. Həmin indossant ona öz indossantı və əvvəlki

indossantlar, o cümlədən veksel verən barəsində kömək

göstərməlidir. İndossantlar öz indossamentlərini yeni nüsxələrdə

təkrar etməyə borcludurlar.

1043.2. Bir nüsxə üzrə ödənişin həyata keçirilməsi bütün

qalan nüsxələrdən irəli gələn hüquqları, hətta bir nüsxə üzrə

ödənişin həyata keçirilməsi nəticəsində bütün qalan nüsxələrin

qüvvədən düşdüyü qeyd edilməsə belə, ləğv edir. Lakin ödəyici

özünün aksept etdiyi və ona qaytarılmamış hər bir nüsxə üzrə

məsuliyyət daşımaqda davam edir. Nüsxəni müxtəlif şəxslərə vermiş

indossant, habelə sonrakı indossantlar özlərinin imza etdikləri və

qaytarılmamış bütün nüsxələr üzrə məsuliyyət daşıyırlar.

1043.3. Nüsxələrdən birini aksept üçün göndərən həmin

nüsxənin kimdə olduğunu başqa nüsxələrdə göstərməlidir. Həmin

nüsxənin olduğu şəxs onu digər nüsxəni qanuni saxlayana verməyə

borcludur. Əgər o bunu etməkdən imtina edərsə, veksel saxlayan

özünün iddia hüququnu yalnız aşağıdakılar protestlə

təsdiqləndikdən sonra həyata keçirə bilər:

1043.3.1. aksept üçün göndərilmiş nüsxə onun tələbinə

baxmayaraq ona verilməmişdir;

1043.3.2. aksept və ya ödəniş başqa nüsxə üzrə alına

bilməzdi.

Maddə 1044. Vekselin surətləri

1044.1. Köçürmə vekselini saxlayan hər kəs onun surətini

çıxara bilər.

1044.2. Surət oricinalı indossamentlər ilə və üzərində olan

bütün digər qeydlərlə birlikdə dəqiq təkrar etməlidir. Surətdə

onun hansı indossamentə qədər etibarlı olduğu göstərilməlidir.

1044.3. Surət oricinalla eyni qaydada və eyni nəticələr ilə

indossament və aval edilə bilər.

1044.4. Surətdə sənədin əslinin kimdə olduğu göstərilməlidir.

1044.5. Əgər sənədin əslində onun surəti çıxarılanadək

edilmiş sonuncu indossamentdən sonra belə bir qeyd-şərt varsa ki,

yalnız surətdəki indossament etibarlıdır, sənədin əslində ondan

sonra qoyulmuş indossament etibarsız olur.

Maddə 1045. Vekselin mətninin dəyişdirilməsi

Köçürmə vekselinin mətninin dəyişdirildiyi halda bu

dəyişiklikdən sonra imza etmiş şəxslər dəyişdirilmiş mətnin

məzmununa uyğun məsuliyyət daşıyırlar; dəyişikliyə qədər imza

etmiş şəxslər əvvəlki mətnin məzmununa uyğun məsuliyyət

daşıyırlar.

Maddə 1046. Köçürmə vekselindən irəli gələn iddia tələbləri

üzrə müddətlər

1046.1. Köçürmə vekselindən akseptanta qarşı irəli gələn

iddia tələbləri ödəniş müddətinin çatdığı gündən üç il sonra

ödənilir.

1046.2. Veksel saxlayanın indossantlara və veksel verənə

qarşı iddia tələbləri müəyyənləşdirilmiş müddətdə protestin

verildiyi gündən bir il sonra ödənilir.

1046.3. İndossantların bir-birinə və veksel verənə qarşı

iddia tələbləri indossantın vekseli ödədiyi gündən və ona qarşı

iddia irəli sürüldüyü gündən altı ay sonra ödənilir.

1046.4. Qanuni və ya vekseldə göstərilmiş müddətlər

hesablanarkən həmin müddətlərin axımının başlandığı gün hesaba

alınmır.

Maddə 1047. Vekselin etibarsız elan edilməsi

İtmiş və ya məhv olmuş veksel ödəniş yeri üzrə məhkəmə

tərəfindən etibarsız elan edilə bilər.

Maddə 1048. Sadə veksel. Rekvizitlər

1048.1. Sadə vekseldə aşağıdakılar göstərilməlidir:

1048.1.1. mətnin özünə daxil edilmiş "veksel" adı

1048.1.2. müəyyən məbləği ödəmək barəsində sadə və heç nə ilə

şərtləşdirilməmiş vəd;

1048.1.3. bu Məcəllənin 1005.1.4-1005.1.9-cu maddələrində

göstərilmiş rekvizitlər.

1048.2. Bu Məcəllənin 1048.1-ci maddəsində göstərilmiş

rekvizitlərdən hər hansı birinin olmadığı sənədin sadə veksel

qüvvəsi yoxdur.

1048.3. Sadə vekseli verən köçürmə vekselinin akseptantı ilə

eyni əsaslar üzrə məsuliyyət daşıyır.

1048.4. Təqdim edildikdən sonra müəyyən müddətli sadə

veksellər veksel verənə bu Məcəllənin 1014.4-cü maddəsində

göstərilmiş müddətlər ərzində təqdim edilməlidir. Veksel verən

vekselin təqdim edildiyini, günü göstərməklə və öz imzasını

qoymaqla təsdiqləməlidir. Təqdim edildikdən sonra müəyyən müddətin

axımı təqdim edilmə haqqında qeydin edildiyi gündən başlanır.

1048.5. Qalan məsələlərdə sadə veksellərə köçürmə vekselləri

üçün qüvvədə olan müddəalar tətbiq edilir.

4. Çek

Maddə 1049. Çek anlayışı və onun məzmunu

1049.1. Çek orderli qiymətli kağız olub, ifadə etdiyi pul

məbləğinin çek sahibinə ödənilməsi barədə çek verənin banka

verdiyi və heç nə ilə şərtləndirilməyən yazılı sərəncamından

ibarətdir.

1049.2. Çekdə aşağıdakı rekvizitlər göstərilməlidir:

1049.2.1. sənədin mətninə daxil edilmiş "çek" adı

1049.2.2. müəyyən pul məbləğini ödəmək barədə sadə və heç nə

ilə şərtləndirilməyən tapşırıq;

1049.2.3. ödənişi icra etməli bankın adı

1049.2.4. ödəniş yerinin göstərilməsi;

1049.2.5. çekin tərtib olunduğu tarixin və yerin

göstərilməsi;

1049.2.6. çek verənin imzası.

1049.3. Bankların yalnız elə çek blankları verməsinə icazə

verilir ki, orada mətbƏ üsulu ilə çap edilmiş aşağıdakı

məlumatlar olsun: ödəyici bankın adı, ünvanı və telefon nömrəsi,

çek verənin (hesab sahibinin) adı və ünvanı, habelə ödəyici bankın

hesab nömrəsi.

Maddə 1050. Veksellər haqqında müddəaların çeklərə tətbiqi

Vekselin aksept edilməsinə dair müddəalar istisna olmaqla, bu

Məcəllənin 1005.2.4, 1006, 1009-1012-ci maddələrinin müddəaları

çeklərdən irəli gələn münasibətlərin tənzimlənməsinə də tətbiq

edilir.

Maddə 1051. Çekin təminatı tələbi

1051.1. Çek yalnız o hallarda verilə bilər ki, çek verənin

bankdakı hesablarında vəsaiti və həmin vəsaitə dair çeklər

vasitəsi ilə sərəncam vermək hüququ olsun.

1051.2. Çekin ödənilməsi üçün çek verənin vəsaiti və ya ona

verilmiş kredit kifayət etmədikdə bankın çeki ödəməkdən imtina

etmək hüququ vardır. Bank təmin olunmamış məbləği ödədikdə isə,

çek sahibinin hüquqları ona keçir. Bank çeki tamamilə və ya qismən

ödəməkdən imtina etdikdə, aşağıdakı nəticələr baş verməlidir:

1051.2.1. çek verən, yaxud tamamilə və ya qismən ödənilməmiş

çeki çek verənin əvəzinə imzalamış şəxs birgə borclular kimi, çek

məbləğinin ödənilməmiş hissəsinin 6 faizi miqdarında zərərin

əvəzini çek sahibinə ödəməlidirlər. Çek sahibinin başqa zərərin

əvəzinin ödənilməsi tələbini həyata keçirmək hüququ saxlanılır;

1051.2.2. bank təminat olmadığından çekin tamamilə və ya

qismən ödənilmədiyini çekin özündə qeyd etməli və ləngimədən onu

çek sahibinə göndərməli, bu barədə belə çekləri imzalamış çek

verənlərin reyestrini tərtib edən Azərbaycan Respublikasının Milli

Bankına dərhal bildiriş göndərməlidir;

1051.2.3. təmin olunmamış çeki verənin bir il ərzində çeklər

verməsinə icazə verilmir və o, özündə olan bütün çek blanklarını

dərhal ödəyici banka və müştərisi olduğu bütün başqa banklara

qaytarmalıdır. Ödəyici bank bunu yazılı şəkildə dərhal çek

verəndən və hesablardakı vəsaitə dair sərəncam verməyə ixtiyarlı

olan bütün şəxslərdən tələb etməli və bundan sonra çek verməyi

onlara qadağan etməlidir;

1051.2.4. bu tələbdən sonra bir ay müddətində çek verən çek

sahibi barədə çek məbləğinin ödənilməmiş hissəsini ödədiyini,

habelə bu Məcəllənin 1051.2.1-ci maddəsinə uyğun olaraq zərərin

əvəzini ödədiyini, yaxud həmin məbləğlərin tam ödənilməsi üçün

ödəyici bankın kifayət qədər vəsaitə malik olması qayğısına

qaldığını ödəyici banka sübut edərsə, bu Məcəllənin 1051.2.3-cü

maddəsinə uyğun olaraq çeklərin verilməsinin qadağan edilməsinin

gələcək üçün qüvvəsi yoxdur.

Maddə 1052. Çekin aksept edilməsinin istisna olunması

Ödəyici çeki aksept etməməlidir. Çekdə aksept barədə yazılan

qeyd etibarsız sayılır.

Maddə 1053. Çek üzrə ödənişi almağa ixtiyarlı şəxsin adı

1053.1. Çek yazıla bilər:

1053.1.1. müəyyən şəxsin adına;

1053.1.2. təqdim edənə (adsız).

1053.2. Çek "və ya təqdim edənə" qeyd-şərti ilə, yaxud bu cür

məna ifadə edən qeyd-şərtlə müəyyən şəxsə verilərsə, adsız çek

sayılır.

1053.3. Sahibinin adı göstərilməyən çek adsız çek sayılır.

1053.4. Çek, çek verənin özünə verilə bilər.

Maddə 1054. Çekdə faizlər barədə yazılan qeyd-şərtin

etibarsızlığı

Çekdə faizlər barədə yazılan qeyd-şərt etibarsız sayılır.

Maddə 1055. Çekin başqasına verilməsi

1055.1. Müəyyən şəxsə verilmiş və ödənişə təqdim olunmuş çek

indossament vasitəsilə başqa şəxsə verilə bilər.

1055.2. Çek indossament vasitəsilə həmçinin çek verənə və çek

üzrə mükəlləfiyyətli hər hansı şəxsə verilə bilər. Öz növbəsində

bu şəxslər də çeki indossament edə bilərlər.

1055.3. Ödəyici bankın indossamenti etibarsızdır. Adsız

indossament blanklı indossament sayılır. Bankın bir neçə

şöbəsinin (filialının) olduğu və indossamentin çekin verildiyi

şöbənin deyil, başqa şöbənin xeyrinə edildiyi hallar istisna

olmaqla, bank üçün indossamentin yalnız ödəniş qəbzi qüvvəsi

vardır.

1055.4. Vekselin aksept edilməsinə dair müddəalar istisna

olmaqla, bu Məcəllənin 993.3-993.4, 1018 və 1020-ci maddələrinin

müddəaları çeklərə də tətbiq edilir.

Maddə 1056. Çek sahibinin xeyrinə ehtimal. Çekin itirilməsi

1056.1. Çek sahibinin xeyrinə ehtimala bu Məcəllənin 1019.1-

ci maddəsi tətbiq edilir.

1056.2. Çek sahibi çeki itirdikdə, əlində çek olan şəxs, onun

adsız çek və ya indossament vasitəsilə verilən çek olmasına

baxmayaraq, çeki yalnız o halda qaytarmağa borcludur ki, onu

vicdansız yolla əldə etmiş olsun və ya əldə edərkən kobud

ehtiyatsızlıq etmiş olsun.

Maddə 1057. Çek zaminliyi (aval)

Çek məbləğinin ödənişinə avalçı tərəfindən aval (çek

zaminliyi) vasitəsilə tamamilə və ya qismən qarantiya verilə

bilər. Ödənişə belə qarantiyanı, ödəyici bank istisna olmaqla, hər

hansı üçüncü şəxs və ya artıq çekdə imzası olan şəxs verə bilər.

Maddə 1058. Çekin ödənişə təqdim olunması

1058.1. Çek təqdim olunduqda ödənilməlidir. Hər cür başqa

göstəriş etibarsız sayılır.

1058.2. Tərtib edildiyi ölkədə ödənilməli olan çek bir ay

müddətində ödənişə təqdim olunmalıdır. Verildiyi ölkədə deyil,

başqa ölkədə ödənilməli olan çek, verilmə yeri ilə ödəniş yeri

eyni qitədədirsə, iki ay müddətində, müxtəlif qitələrdədirsə, üç

ay müddətində ödənişə təqdim edilməlidir. Həm də Müstəqil

Dövlətlər Birliyinin üzvü olan bir dövlətin ərazisində verilən və

Müstəqil Dövlətlər Birliyinin üzvü olan digər dövlətin ərazisində

ödənilməli olan çeklər eyni qitədə verilən və ödənilməli olan

çeklər sayılır. Yuxarıda göstərilən müddətlərin axımı çekdə onun

verilmə günü kimi göstərilən gündən başlanır.

1058.3. Əgər çek onun verildiyi yerin təqvimindən fərqlənən

başqa təqvimin qüvvədə olduğu yerdə ödənilməlidirsə, ödəniş

yerinin təqviminə əsasən verilmə gününə uyğun tarix və bundan

asılı olaraq ödəniş müddəti müəyyənləşdirilir.

Maddə 1059. Çekin geri götürülməsi

1059.1. Çekin geri götürülməsi yalnız onun təqdim edilmə

müddəti qurtardıqdan sonra etibarlıdır.

1059.2. Çek geri götürülmədikdə, bank çekin təqdim edilmə

müddəti qurtardıqdan sonra da ödənişi icra edə bilər.

1059.3. Çek verən özünün və ya hər hansı üçüncü şəxsin çeki

itirdiyini təsdiq edirsə, ödəyiciyə ödənişin icrasını qadağan edə

bilər.

Maddə 1060. Çek verənin ölməsinin, fəaliyyət qabiliyyətini

itirməsinin və ödəmə qabiliyyətli olmamasının

nəticələri

Çek verildikdən sonra çek verənin ölməsi və ya fəaliyyət

qabiliyyətini itirməsi və ya ödəmə qabiliyyətli olmamasının elan

edilməsi çekin etibarlığına təsir göstərmir.

Maddə 1061. Çek üzrə ödəniş və ödənişə dair qəbz. Xarici

valyutada verilən çeklər

Çek üzrə ödənişlərə, ödənişə dair qəbz verilməsinə və xarici

valyutada çeklərə bu Məcəllənin 1028, 1029.4 və 1030-cu maddələri

müvafiq surətdə tətbiq olunur.

Maddə 1062. Cızıqlı çek

1062.1. Çek verən, habelə hər hansı çek sahibi bu Məcəllənin

1062.2-1062.6-cı maddələrində nəzərdə tutulan nəticələr ilə çeki

cızıqlaya bilərlər. Cızıqlama çekin üz tərəfinə iki paralel xətt

çəkməklə aparılır. Cızıqlama ümumi və ya xüsusi ola bilər. Xətlər

arasında heç bir göstəriş və ya "bank" qeydi və ya eyni mənalı

başqa qeyd yoxdursa, cızıqlama ümumi sayılır. Xətlər arasında

bankın adı yazılmışsa, cızıqlama xüsusi sayılır. Ümumi cızıqlama

xüsusiyə çevrilə bilər, lakin xüsusi cızıqlama ümumiyə çevrilə

bilməz. Cızıqlamanın və ya göstərilmiş bankın adının qaralanması

etibarsız sayılır.

1062.2. Ödəyici ümumi cızıqlaması olan çeki yalnız banka və

ya öz müştərisinə ödəyə bilər.

1062.3. Xüsusi cızıqlaması olan çeki ödəyici yalnız

göstərilmiş banka və ya əgər bu bankın özü ödəyicidirsə, həmin

bankın müştərisinə ödəyə bilər. Göstərilən bank çeki qəbul etməyi

digər banka tapşıra bilər.

1062.4. Bank cızıqlı çeki yalnız öz müştərisindən və ya başqa

bankdan qəbul edə bilər.

1062.5. Bir neçə xüsusi cızıqlaması olan çeki ödəyici yalnız

o halda ödəyə bilər ki, çekin üzərində ikidən çox cızıqlama

aparılmasın.

1062.6. Yuxarıdakı göstərişləri yerinə yetirməyən ödəyici və

ya bank vurulan zərərin əvəzini çekin məbləğindən artıq olmayan

miqdarda ödəməyə borcludur.

Maddə 1063. Hesablaşma çeki

1063.1. Çek verən, habelə hər hansı çek sahibi çekin üz tərəfində "hesablaşma" qeydi və ya eyni mənalı başqa qeyd yazmaqla, çekin nağd pulla ödənilməsini qadağan edə bilər. Bu halda ödəyici çekin ödənişini yalnız hesabdan hesaba keçirmə yolu ilə (hesablaşma, köçürmə, nağdsız hesablaşmalar) icra edə bilər. Hesabda yazı ödəniş sayılır. "Hesablaşma" qeydinin pozulması etibarsız sayılır. Yuxarıdakı göstərişləri yerinə yetirməyən ödəyici vurulan zərərin əvəzini çekin məbləğindən artıq olmayan miqdarda ödəməyə borcludur.

1063.2. Əgər ödəyici ödəmə qabiliyyəti olmayan elan edilmişsə və ya o, ödənişlərin icrasını dayandırmışsa və ya tutmanın onun əmlakına yönəldilməsi nəticəsiz qalmışsa, hesablaşma çekinin sahibi ödəyicidən çeki nağd pulla ödəməyi tələb edə bilər, çek ödənilmədikdə isə özünün reqres hüququnu həyata keçirə bilər. Banklar haqqında qanuna əsasən görülən tədbirlər nəticəsində çek sahibi özünün ödəyicidəki hesablarına dair sərəncam verə bilmədikdə də bu qayda tətbiq olunur.

1063.3. Hesablaşma çeki sahibinin, bundan əlavə, iddia vermək hüququ vardır, amma o, sübut etməlidir ki, ödəyici hesabda sadə və heç nə ilə şərtləşdirilməyən qeyd yazmaqdan imtina edir və ya ödəniş yeri üzrə müvafiq hesablaşma orqanı öhdəliklərin ödənilməsi məqsədi ilə nağdsız hesablaşmalar aparılması üçün çeki yararsız elan etmişdir.

Maddə 1064. Çek üzrə ödəməmə nəticəsində iddia

1064.1. Ödənişə vaxtında təqdim olunan çek ödənilmədikdə çek sahibi indossantlara, çek verənə və çek üzrə digər mükəlləfiyyətli şəxslərə iddia verə bilər.

1064.2. Çek sahibi iddia verdiyi şəxsdən aşağıdakıları tələb edə bilər:

1064.2.1. çek ödənilməyibsə, çek məbləğinin ödənilməsini;

1064.2.2. faizlərin ödənilməsini;

1064.2.3. xərclərin ödənilməsini;

1064.2.4. faizin üçdə birindən çox olmayan miqdarda penya.

1064.3. Əgər çekin vaxtında təqdim edilməsinə qarşısıalınmaz

maneə əngəl törədirsə, çeklərin ödənişə təqdim edilməsi müddətlərinin uzadılmasına bu Məcəllənin 1042-ci maddəsi tətbiq olunur.

Maddə 1065. Saxta çek

1065.1. Qəlp və ya saxta çekin ödənişi ilə əlaqədar zərəri ödəyici çəkir, bu şərtlə ki, çekdə göstərilən çek verən təqsirli olmasın, məsələn, ona tapşırılmış çek blanklarını etinasız saxlamış olmasın.

Maddə 1066. Çekin mətninin dəyişdirilməsi

Çekin mətninin dəyişdirilməsinə bu Məcəllənin 1045-ci maddəsi tətbiq edilir.

Maddə 1067. Çek öhdəlikləri üzrə iddia müddətləri

Çek sahibinin indossantlara, çek verənə və çek üzrə digər mükəlləfiyyətli şəxslərə qarşı çekdən irəli gələn iddia tələbləri təqdimetmə müddəti qurtardıqdan bir il sonra ödənilir. Çek üzrə mükəlləfiyyətli olan bir şəxsin çek üzrə mükəlləfiyyətli olan digər şəxsə iddia tələbləri çekin mükəlləfiyyətli şəxs tərəfindən ödənildiyi və ya məhkəmə qaydasında ondan çek üzrə ödənişin tutulduğu gündən bir il sonra ödənilir.

Maddə 1068. Çekin etibarsız elan edilməsi

Çekin etibarsız elan edilməsinə bu Məcəllənin 1047-ci maddəsi tətbiq olunur.

Maddə 1069. Çekin ödənişə təqdim edilməsi müddətlərinin hesablanması

Çek ödənişə yalnız iş günləri təqdim olunmalıdır. Təqdimetmə müddətinin son günü bazar gününə və ya başqa qeyri-iş gününə düşdükdə, müddət növbəti iş gününədək uzadılır. Müddət ərzində olan qeyri-iş günləri müddət hesablanarkən nəzərə alınır.

5. İstiqraz

Maddə 1070. İstiqraz şəklində borc öhdəliyi anlayışı

1070.1. İstiqraz, onun sahibinin onu buraxmış şəxsdən istiqrazda nəzərdə tutulan müddətdə istiqrazın nominal dəyərini və ya başqa əmlak ekvivalentini almaq hüququnu təsdiqləyən qiymətli kağızdır. İstiqraz onun sahibinə həmçinin istiqrazın nominal dəyərindən faiz almaq hüququ və ya digər əşya hüquqları verir.

1070.2. İstiqrazlar adsız borc öhdəlikləri və ya borc istiqrazları, girov şəhadətnamələri, səhmdar cəmiyyətinin mənfƏtində iştirak hüququ verən borc öhdəlikləri, pulsuz yeni səhmlər, sabit dividendli səhmlər və s. şəklində ola bilər.

Maddə 1071. İstiqraz şəklində borc öhdəliyindən irəli gələn tələblərin ödənilməsi

Adsız istiqraz şəklində borc öhdəliyindən irəli gələn iddia tələbləri öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddət başlandıqdan otuz il sonra ödənilir, bu şərtlə ki, həmin otuz il keçənə qədər sənəd onu vermiş şəxsə ödəniş üçün təqdim edilməsin. Əgər sənəd təqdim edilərsə, təqdimetmə müddəti qurtardıqdan iki il sonra tələb müddətin keçməsinə görə qüvvədən düşür. Sənəddən irəli gələn tələb hüququnun məhkəmə qaydasında həyata keçirilməsi istiqrazın təqdim edilməsinə bərabər tutulur. Faizli qiymətli kağız kuponları, renta kağızları və dividend kuponları üçün təqdimetmə müddəti dörd ildir. Müddətin axımı öhdəliyin icra müddətinin başlandığı il qurtardıqdan sonra başlanır. Təqdimetmə müddəti və onun başlanğıcı sənədi vermiş şəxs tərəfindən dəyişdirilə bilər. Təqdimetmə müddətinin başlanması və axımı, habelə müddətin keçməsi dövrünün axımı bu Məcəllənin 995-ci maddəsinə uyğun olaraq sənədin etibarsız elan edilməsi haqqında icraatın açılması ilə əlaqədar dayandırıla bilər.

Maddə 1072. İstiqrazların etibarsız elan edilməsi

1072.1. Təqdim edildikdə ödənilməli olan faizli qiymətli kağız kuponları, renta kağızları və dividend kuponları, habelə istiqrazlar şəklində faizsiz borc öhdəlikləri etibarsız elan edilə bilməz. Bu, üzərində etibarsız elan edilə bilmədikləri yazılmış istiqrazlar şəklində borc öhdəliklərinə də tətbiq edilir.

1072.2. İstiqrazlar şəklində borc öhdəliyi etibarsız elan edilərsə, bu elanın verilməsinə nail olmuş şəxs istiqrazı vermiş şəxsdən ona etibarsız elan edilmiş sənədin əvəzinə adsız istiqraz şəklində yeni borc öhdəliyi verməyi tələb edə bilər.

Maddə 1073. Faizli qiymətli kağız kuponları, renta kağızları və dividend kuponları

1073.1. Əgər adsız istiqrazlar şəklində borc öhdəliyi üçün faizlərin ödənişinə dair kuponlar verilirsə, bu kuponlarda əks müddəa olmadıqda, onlar, hətta başlıca tələbin ödənildiyi və ya faizlər hesablanmasına dair öhdəliyin ləğv edildiyi və ya

dəyişdirildiyi halda belə, qüvvədə qalır. Başlıca borc öhdəliyi ödənilərkən belə kuponlar qaytarılmadıqda, çıxarıcının kuponlara görə ödəməli olduğu məbləği tutmaq hüququ vardır.

1073.2. Əgər faizli qiymətli kağızların kuponları, renta kağızları və dividend kuponları itmiş və ya məhv olmuşsa və onların əvvəlki sahibi onların təqdim edilmə müddəti qurtaranadək itməsi barədə çıxarıcını xəbərdar etmişsə, müddət qurtardıqdan sonra istiqrazın çıxarıcısından onları ödəməyi tələb edə bilər.

İtmiş kupon ödəniş üçün çıxarıcıya təqdim edilmişsə və ya ödəniş ondan məhkəmə qaydasında tutulmuşsa, tələb istisna edilir, bu şərtlə ki, istiqrazın təqdim olunması və ya məhkəmə iddiasının irəli sürülməsi müddət qurtardıqdan sonra həyata keçirilməsin. Tələb, dörd ildən sonra müddətin keçməsinə görə qüvvəsini itirir.

Faizli qiymətli kağız kuponları, renta kağızları və dividend kuponları üçün bu tələb istisna edilə bilər.

1073.3. Faizli qiymətli kağızların yeni kuponlarını və ya borc öhdəliyi üçün adsız istiqraz şəklində yeni renta kağızlarını kuponları almaq səlahiyyəti verən sənədin (prolonqasiya haqqında şəhadətnamə) sahibinə verməyə icazə verilmir, bu şərtlə ki,

istiqraz şəklində borc öhdəliyinin sahibi onların verilməsinə razı olmasın. Razılıq olduqda kuponlar istiqraz şəklində borc öhdəliyinin sahibinə verilməlidir, bu şərtlə ki, o, öhdəliyi təqdim etsin.

Maddə 1074. Kartoçkalar, markalar və oxşar sənədlər

İstiqraz şəklində borc öhdəlikləri haqqında göstərişlər şəraitdən asılı olaraq çıxarıcı tərəfindən verilmiş və həmin şəxsin icranı həyata keçirməyə borclu olmaq niyyətini bildirən kartoçkalara, markalara və ya kreditorun göstərilmədiyi oxşar sənədlərə müvafiq surətdə tətbiq edilir.

Maddə 1075. Açıq borc istiqrazları. Emissiya prospektinin məcburiliyi

1075.1. Borc almaq məqsədi ilə buraxılan borc öhdəlikləri (borc istiqrazları) yalnız emissiya prospekti əsasında açıq abunə yazılışı üçün buraxıla və ya bircaya çıxarıla bilər. Təkcə müəyyən şəxslər dairəsi üçün nəzərdə tutulmayan bütün emissiyalar açıq sayılır.

1075.2. Emissiya prospektində aşağıdakı məlumatlar olmalıdır:

1075.2.1. borclar, faizlərin hesablanması və satınalma şərtləri;

1075.2.2. istiqrazlar üçün müəyyənləşdirilmiş xüsusi təminatlar;

1075.2.3. zərurət olduqda, borclar üzrə kreditorların təmsilçiliyi.

1075.3. Qalan hallarda səhmlərin buraxılışında bu Məcəllənin 1077.3 və 1077.4-cü maddələrinin müddəaları müvafiq surətdə tətbiq edilir.

Maddə 1076. Konversiya borcu istiqrazları

1076.1. Konversiya borcu istiqrazları səhmdar cəmiyyətləri tərəfindən buraxılan borc öhdəlikləri olub, nəinki faizlərin hesablanmasını tələb etmək hüququ, həm də onları eyni növ qiymətli kağızlara dəyişmək hüququ və ya yeni səhmlər əldə etməkdə üstünlük hüququ verir.

1076.2. Konversiya borcu istiqrazları yalnız emissiya prospekti əsasında açıq abunə yazılışı üçün buraxıla və ya bircaya çıxarıla bilər. Emissiya prospekti barəsində bu Məcəllənin 1077.3 və 1077.4-cü maddələri müvafiq surətdə tətbiq olunur. Prospektdə əlavə olaraq aşağıdakılar göstərilməlidir:

1076.2.1. istiqrazların dəyişdirilməsi və ya səhmlərin əldə edilməsi müddəti;

1076.2.2. konversiya borcu istiqrazlarının səhmlərə dəyişdirilməsi hansı nisbətdə aparılmalıdır və ya konversiya borcu istiqrazları şəklində borc öhdəliyi ilə bağlı üstünlük hüququ əsasında hansı məbləğdə səhmlərin əldə edilməsi mümkündür;

1076.2.3. hansı məbləğdə əlavə haqq mümkündür.

1076.3. Konversiya borcu istiqrazının sahibi istiqrazdan irəli gələn hüquqları ilə kifayətlənə bilər və dəyişdirmə hüququnu və ya əldə etməyə üstünlük hüququnu həyata keçirməyə borclu ola bilməz.

6. Səhm

Maddə 1077. Səhm anlayışı və onun məzmunu

1077.1. Səhm qiymətli kağız olub, səhmdar cəmiyyətində üzvlüyü və sahibinin (səhmdarın) səhmdar cəmiyyəti mənfətinin bir hissəsini dividendlər şəklində almaq, səhmdar cəmiyyəti işlərinin idarə olunmasında iştirak etmək hüququnu və cəmiyyətin ləğvindən sonra qalan əmlakın bir hissəsinə hüququnu təsdiqləyir.

1077.2. Adsız səhmlərə adsız səhmlər haqqında göstərişlər, müəyyən şəxsin adına verilmiş səhmlərə isə orderli qiymətli kağızlar haqqında göstərişlər tətbiq olunur. Onlara həmçinin bu Məcəllənin 1070.1 və 1072-ci maddələrinin müddəaları tətbiq

olunur.

1077.3. Səhmlər yalnız emissiya prospekti əsasında açıq abunə yazılışı üçün buraxıla və ya bircaya çıxarıla bilər. Emissiya prospektində aşağıdakı məlumatlar olmalıdır:

1077.3.1. hüquqi şəxslərin dövlət reyestrində emitent barəsində olan məlumatlar;

1077.3.2. səhmlərin miqdarını, nominal dəyərini və növlərini, habelə səhmlərin ayrı-ayrı kateqoriyalarının imtiyazlarını göstərməklə, səhmdar kapitalının miqdarı və tərkibi;

1077.3.3. kapitalın icazə verilmiş və ya şərtləşdirilmiş artırılması haqqında qərarlar;

1077.3.4. sabit dividendli səhmlərin və ya dividend kuponlarının miqdarı və bunlardan irəli gələn hüquqların məzmunu;

1077.3.5. müstəqil auditorun auditor hesabatı ilə birlikdə, emitentin sonuncu balansı və toplu maliyyə hesabatı, habelə balansın tərtib edildiyi gündən 6 aydan çox keçdikdə, auditorun yoxladığı aralıq balanslarının məzmunu;

1077.3.6. emitentin təsis edildiyi andan bəri və ya emitentin, heç olmasa, son 5 maliyyə ilində ödənilmiş dividendlər;

1077.3.7. səhmdar cəmiyyətini idarəetmə orqanının yeni səhmlərin buraxılışı haqqında qərarı.

1077.4. Əgər səhmlər bu göstərişlərə uyğun onları əsaslandıran prospektsiz buraxılırsa və ya prospektdə yanlış və ya qanuni tələblərə cavab verməyən məlumatlar göstərilirsə, bu işdə bilərəkdən və ya ehtiyatsızlıq üzündən iştirak etmiş bütün şəxslər zərərə görə birgə borclular kimi məsuliyyət daşıyırlar.

 

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 26 may 2000-ci il