İNVESTİSİYA FONDLARI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDAN
ÇIXARIŞ
(AR-nın 2001-ci il 23 noyabr tarixli, 219-IIQD saylı Qanununa əsasən edilmiş dəyişikliklər və əlavərlə)
Maddə 11. İnvestisiya fondunun depozitarisi
1. İnvestisiya fondunun müşahidə şurası investisiya fondunun adından depozitarı ilə müqavilə bağlayır. Bu müqavilənin əsasında investisiya fondu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydaya uyğun olaraq investisiya fonduna məxsus olan qiymətli kağızları depozitariyə verir.
2. İnvestisiya fondunun yalnız bir depozitarisi ola bilər.
3. İnvestisiya fondunun afilə edilmiş şəxsi onun depozitarisi ola bilməz.
Maddə 12. İnvestisiya fondunun reyestr saxlayıcısı
1. İnvestisiya fondunun səhmdarlarının reyestrinin aparılması funksiyasını investisiya fondunun depozitarisi və ya reyestr saxlayıcısı həyata keçirir.
2. İnvestisiya fondunun afilə edilmiş şəxsi onun reyestr saxlayıcısı ola bilməz.
Maddə 14. İnvestisiya fondunun qiymətli kağızlarının emissiya prospektinin məzmununa əlavə tələblər
Səhmdar cəmiyyətlərinin qiymətli kağızlarının emissiya prospektinin məzmununa Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tələblərdən əlavə investisiya fondu səhmlərinin emissiya prospektində aşağıdakılar göstərilməlidir:
- investisiya fondunun investisiya bəyannaməsinin məzmunu;
- investisiya fondunun müşahidə şurasının sədrinə və müdiriyyətinə (müdirinə) dair məlumat;
- investisiya fondunun, fondun müdiriyyəti (müdiri), depozitarisi və reyestr saxlayıcısı ilə bağladığı müqavilələrin tərəflərin funksiyalarını, məsuliyyətlərini, qarşılıqlı hüquq və vəzifələrini, öhdəliklərini, müqavilələrin fəaliyyət müddətlərini, mükafatların və xidmətlərin haqqının ödənilməsinin həcmlərini və qaydalarını əhatə edən əsas şərtlər.
Azərbaycan Respublikasının Prezidenti
HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 30 noyabr 1999-cu il