Milli Depozit Mərkəzi (MDM) tərəfindən sərəncamçı xidməti təmin edilmiş istiqrazlar buraxmış emitentlərə müvafiq müqaviləyə əsasən göstərilir. Bu zaman MDM təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı qismində çıxış edir. Təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı həmin təminatın qanunvericiliyin və emissiya prospektinin tələblərinə cavab verməsinə nəzarət məqsədi ilə istiqrazların mülkiyyətçilərinin xeyrinə öz adından təminatı girov saxlayan qismində çıxış edən investisiya şirkəti və ya mərkəzi depozitar ola bilər.

Qeyd olunan istiqrazlar üzrə öhdəliklər icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə istiqraz mülkiyyətçilərinin tələblərinin təmin edilməsi üçün MDM təminat üzrə sərəncam hüququndan istifadə edə bilər. Nəticə olaraq, girov predmetinin özgəninkiləşdirilməsindən əldə edilmiş vəsaitlər hesabına istiqrazlar üzrə ödənişlər həyata keçirilə bilər.