21 may 2019-cu il tarixində Bakı şəhərində Maliyyə Bazarlarına Nəzarət Palatası və Koreya İnkişaf İnstitunun birgə təşkilatçılığı ilə “Azərbaycanda kapital və törəmə maliyyə alətləri bazarının fəaliyyəti və tənzimlənməsi” layihəsinin yekunlarına dair konfrans keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Mərkəzi Bankının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Beynəlxalq Maliyyə Korporasiyasının (IFC), İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO), Asiya İnkişaf Bankının (ADB), Avropa İnkişaf və Yenidənqurma Bankının (EBRD), Azərbaycan Banklar Assosiasiyasının və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının, o cümlədən investisiya şirkətlərinin və Milli Depozit Mərkəzinin nümayəndələri iştirak ediblər.“Bilik Mübadiləsi Proqramı”na (KSP layihəsi) həsr olunmuş konfransda koreyalı ekspertlərin Azərbaycan qiymətli kağızlar və törəmə maliyyə alətləri bazarlarının beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi barədə təqdimatı dinlənib, kapital bazarlarının inkişafı üzrə sual-cavab sessiyası və interaktiv müzakirələr keçirilib.

Qeyd edək ki, KSP layihəsi Koreya Respublikası tərəfindən tərəfdaş ölkələrlə iqtisadi və siyasi əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılmış inkişaf platformasıdır və layihə çərçivəsində Azərbaycanda səhm, istiqraz və xarici valyuta bazarlarının və baza aktivi bu alətlər olan törəmə maliyyə alətləri bazarının inkişafı, habelə qiymətli kağızlarla klirinq və hesablaşma sistemlərinin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.