27 may 2019-cu il tarixində Bakı şəhərində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən “Azərbaycan kapital bazarı infrastrukturunun təkmilləşdirilməsi: inkişaf perspektivləri” mövzusunda tədbir keçirilmişdir. Tədbir çərçivəsində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi, “Azər Türk Bank” ASC, “PAŞA Bank” ASC, “Xalq Bank” ASC və “Yapı Kredi Bank Azərbaycan” QSC arasında “Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə klirinq və hesablaşmaların aparılmasına dair kollektiv saziş” imzalanmışdır. Saziş Azərbaycan qiymətli kağızlar bazarında klirinq və hesablaşmaların beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə qiymətli kağızlarla klirinq və hesablaşmalar üzrə hesablaşma agenti modelinin tətbiqini nəzərdə tutur. Yeni modelin tətbiqi qiymətli kağızlar bazarında pul hesablaşmalarının kommersiya bankları tərəfindən həyata keçirilməsini və hesablaşma rejimlərinin optimallaşdırılmasını özündə ehtiva edərək bazarda likvidliyin daha səmərəli tənzimlənməsinə yönəlmişdir.

Tədbirdə həmçinin MBNP ilə “Raiffeisen Bank International” (RBI) arasında kapital bazarlarının, depozitar və klirinq-hesablaşma əməliyyatlarının təkmilləşdirilməsi üzrə əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır. Eyni zamanda, qeyd edilmişdir ki, xarici investorların yerli bazara cəlb edilməsi məqsədilə Milli Depozit Mərkəzi ilə RBI arasında nominal saxlayıcı hesabların açılması nəzərdə tutulur.