26-27 noyabr 2019-cu il tarixində Avropa Ittifaqının TAIEX (Technical assistance on Information Exchange) yardım aləti çərçivəsində “Bankların kapital bazarında birbaşa iştirakı” mövzusunda ekspert missiyası keçirilmişdir. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əməkdaşlıq çərçivəsində təşkil edilmiş missiyanın məqsədi Avropa İttifaqının müvafiq sahə üzrə təcrübəsinin öyrənilməsindən ibarət olmuşdur.

Missiya çərçivəsində Polşanın Maliyyə Nəzarəti Agentliyinin (KNF) əməkdaşı iştirakçıları bankların qiymətli kağızlar bazarında iştirakı, banklar tərəfindən göstərilən müvafiq investisiya xidmətləri, kastodian xidmətlər barədə ətraflı şəkildə məlumatlandırmış, yerli bankların Azərbaycan kapital bazarında birbaşa iştirak imkanlarına dair fikir mübadiləsi aparılmışdır.

Tədbirdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının, Milli Depozit Mərkəzinin, Bakı Fond Birjasının nümayəndələri iştirak etmişlər.