16 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Qara Dəniz Ticarət və İnkişaf Bankının istiqraz buraxılışını dövlət qeydiyyatına almışdır. Bununla, Azərbaycan qiymətli kağızlar bazarının tarixində beynəlxalq maliyyə təşkilatı tərəfindən yerli valyutada istiqraz emissiyası ilk dəfə reallaşmaqdadır.

Bu əhəmiyyətli hadisə qiymətli kağızlar bazarının inkişafı, o cümlədən beynəlxalq maliyyə institutları tərəfindən yerli bazarda istiqraz emissiyanın təşviq edilməsi istiqamətində dövlət tərəfindən görülən işlərin göstəricisi olmaqla, Azərbaycanda sahibkarlığın inkişafına, kiçik və orta sahibkarlıq subyektlərinin uzunmüddətli əlverişli maliyyə resurslarına çıxış imkanlarının artırılmasına xidmət edəcəkdir.

Qeyd edək ki, ilkin mərhələdə ümumi məbləği 10 milyon manat, hər birinin nominal dəyəri 1 000 manat olan 10 min ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazların illik gəlirliliyi 9,25%-dir. Buraxılacaq istiqrazlar qısa müddətə Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə yerləşdiriləcək. İstiqrazların ödəniş tarixi yerləşdiyi tarixdən 730 gün sonra həyata keçiriləcək. Faiz ödənişlərinin 3 aydan bir edilməsi nəzərdə tutulur.