17 iyul 2019-cu il tarixində faizləri hər 3 aydan bir ödənilən və dollarda illik 5 faiz gəlir qazandıran SOCAR istiqrazlarının cari il üzrə 3-cü faiz ödənişi baş tutmuşdur. Bununla əlaqədar, hər istiqraz üçün 12.5 dollar olmaqla, ümumilikdə 1.25 milyon dollar vəsait istiqraz sahibləri arasında bölüşdürülmüşdür.  Beləliklə, istiqraz sahiblərinin ümumi gəliri 13 milyon 750 min dollara yüksəlmişdir. Eyni zamanda, SOCAR istiqrazlarının ümumi faiz ödənişlərinin yarıdan çoxu yekunlaşmışdır. Qeyd edək ki, SOCAR istiqrazlarının kupon ödənişləri üzrə Ödəniş agenti qismində Milli Depozit Mərkəzi çıxış edir.  

5 illik müddətə buraxılan SOCAR istiqrazlarının nominal qiymətdən geri alma zəmanəti, likvidliyinin yüksək olması, alqı-satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması bu qiymətli kağızların təkrar bazar əməliyyatlarının ümumi həcminin 175 milyon dolları ötməsinə səbəb olmuşdur. Hazırda bu istiqrazlar Bakı Fond Birjasında ən çox alınıb-satılan korporativ qiymətli kağızdır.

İstiqrazlar üzrə növbəti faiz ödənişinin cari ilin oktyabr ayının 17-də baş tutacağı gözlənilir.