24-25 yanvar 2019-cu il tarixlərində Koreya Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən və əsas icraçısı Koreya İnkişaf İnstitutu olan “Bilik Mübadiləsi Proqramı” çərçivəsində Milli Depozit Mərkəzi (MDM) ilə Koreya nümayəndə heyəti arasında görüş keçirilib.

Görüş zamanı nümayəndə heyəti tərəfindən Koreya qiymətli kağızlar bazarı ilə bağlı təcrübə bölüşmüş və bu təcrübənin Azərbaycanda tətbiqi imkanları geniş müzakirə edilmişdir. Koreyalı ekspertlərlə müzakirələrdə əsas diqqət Azərbaycanda qiymətli kağızlarla əqdlər üzrə klirinq və hesablaşmaların mövcud vəziyyəti və bu sistemin təkmilləşdirilməsi üzrə görüləcək işlər və tövsiyələrə yönəlmişdir.

Qeyd edək ki, Koreya nümayəndə heyəti əsas mahiyyəti “Azərbaycanda kapital və törəmə qiymətli kağızları bazarının fəaliyyətinin tənzimlənməsi” olan proqram çərçivəsində müzakirələrin aparılması məqsədilə cari ilin 21-25 yanvar tarixlərində ölkəmizdə səfərdə olub və MDM ilə yanaşı, Maliyyə Bazarlarına Nəzarət Palatası, Bakı Fond Birjası, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası, Azərbaycan Respublikasının Dövlət Neft Fondu və Azərbaycan Mərkəzi Bankı ilə görüşlər keçirib.