5 fevral 2019-cu il tarixində Milli Depozit Mərkəzində  Dünya bankının Dövlət borcu və Riskin İdarə edilməsi (DBRİ) üzrə missiyasının nümayəndələri Çiğdəm Aslan, Zlot Banqo və Leandro Secundo ilə görüş keçirilmişdir. Görüş zamanı DBRİ üzrə proqram çərçivəsində dövlət qurumlarına verilən tövsiyələr, o cümlədən dövlət qiymətli kağızlar üzrə birjadankənar ticarətin stimullaşdırılması, beynəlxalq depozitarlarla əməkdaşlığın qurulması və digər məsələlər ətraflı müzakirə edilmişdir.

6 fevral 2019-cu il tarixində Dünya bankının ofisində 2017-ci ilin sonunda həyata keçirilmiş diaqnostik təqdiqat missiyasının nəticələri ilə bağlı hökumət nümayəndələrini və bazar iştirakçılarını məlumatlandırmaq, davamlı fəaliyyəti müzakirə etmək məqsədi ilə DBRİ üzrə missiya tərəfindən seminar təşkil olunmuşdur. Tədbir zamanı dövlət istiqrazları bazarının inkişafı, o cümlədən birjadankənar və repo əqdlərinin optimallaşdırılması, Azərbaycanda dövlət istiqrazları bazarının cari vəziyyəti və bu sahədə nəzərdə tutulmuş tədbirlər müzakirə olunmuş, digər ölkələrin, o cümlədən Braziliya, Macarıstan və Türkiyənin dövlət qiymətli kağızlar bazarı haqqında məlumat verilmişdir. Sonda təqdim edilmiş mövzular ətrafında iştirakçılar arasında fikir mübadiləsi aparılmışdır.   

Seminarda Maliyyə Nazirliyi, Mərkəzi Bank, Bakı Fond Birjası, Maliyyə Bazarlarına Nəzarət Palatası, İsverənin İqtisadi Məsələlər üzrə Dövlət katibliyinin və Milli Depozit Mərkəzinin nümayəndələri iştirak etmişlər.

Qeyd edək ki,  4-8 fevral 2019-cu il tarixlərində DBRİ üzrə missiyanın səfərinin məqsədi Maliyyə Nazirliyinə 2019-cu il üzrə İllik Borclama Planının hazırlanması sahəsində dəstək, yerli bazarın inkişafı ilə bağlı təcrübələrin bölüşdürülməsi və tövsiyələrin verilməsidir.