15 mart 2019-cu il tarixində Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) Ümumi Yığıncağı keçirilmişdir. İclasın əsas mövzusu Repo əməliyyatlarının stimullaşdırılması məqsədilə Bakı Fond Birjasının ticarət qaydalarına və Repo Baş Razılaşmasına dəyişikliklər olmuşdur. Bundan başqa tədbir zamanı gündəlikdə duran digər məsələlər, o cümlədən səhm təkrar bazarında investisiya xidmətlərinin göstərilməsi müzakirə edilmiş, kapital bazarının inkişafı ilə bağlı təkliflər dinlənilmiş və bu təkliflərlə barəsində müvafiq qurumlara müraciət edilməsi qərara alınmışdır. Sonda BTB Kapital İnvestisiya Şirkəti ASC-nin (BTB Kapital) üzvlüyə qəbul müraciəti AFBİA-nın İdarə Heyəti tərəfindən baxılmış və BTB Kapital Assosiasiyanın yeni üzvü seçilmişdir. Yığıncaqda Milli Depozit Mərkəzinin əməkdaşları da iştirak etmişdirlər.

Qeyd edək ki, əsas məqsədi qiymətli kağızlar bazarının iştirakçılarının səmərəli peşəkar fəaliyyətini təmin edilməsi olan, AFBİA 2007-ci ildə yaradılmışdır. Assosiasiyanın üzvlüyünə Milli Depozit Mərkəzi daxil olmaqla qiymətli kağızlar bazarının bütün peşəkar iştirakçıları daxildir.