16-17 may 2019-cu il tarixlərində Bakı şəhərində Maliyyə və Texnologiyalar Sammiti (“Fintex Sammit”) keçirilmişdir. Tədbirdə  rəqəmsal transformasiya əsasında müasir bank sisteminə keçid, ödəniş ekosistemində son trendlər və innovativ ödəniş həlləri, rəqəmsal mühitdə informasiya təhlükəsizliyi və digər mövzular müzakirə olunmuşdur. Sammitdə  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyəti sədrinin vəzifəsini icra edən İbrahim Alışov, Azərbaycan Mərkəzi Bankının idarə heyətinin sədrinin birinci müavini Alim Quliyev, digər yerli maliyyə qurumlarının, o cümlədən Milli Depozit Mərkəzinin və Avropa Banklar Federasiyası, Beynəlxalq Maliyyə Korporasiyası, “VİSA Inc.”, “MasterCard Worldwide”, “American Express”, Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemi (SWIFT), ABŞ, Yaponiya, Çin, Avropa İttifaqı və Müstəqil Dövlətlər Birliyi ölkələrindən elektron ödənişlər və rəqəmsal bankçılıq sahəsində qabaqcıl təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyası arasında qarşılıqlı anlaşma memorandumu imzalanmışdır.

Qeyd edək ki, Sammit 13- 17 may 2019-cu il tarixlərində keçirilən “Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində baş tutub.