Milli Nömrələyici Agentliklər Assosiasiyası (ANNA) özündə 110-dan artıq üzv təşkilatı birləşdirir və ANNA tərəfindən bu təşkilatların hər birinə  öz ölkəsində qiymətli kağız buraxılışlarına beynəlxalq ISIN (International Securities Identification Numbers) kodlarını təyin etmək səlahiyyəti verilmişdir. ISIN qiymətli kağızların beynəlxalq identifikasiya nömrəsi olmaqla beynəlxalq əməliyyatların və hesablaşmaların aparılması zamanı qiymətli kağızları birmənalı identifikasiya edən koddur.

Milli Depozit Mərkəzi (MDM) 2006-cı ildən etibarən ANNA-ya  üzvdür və müvafiq olaraq Azərbaycan Respublikasının Milli Nömrələyici Agentliyi statusunu daşıyır. 2008-ci ilin aprel ayından başlayaraq MDM tərəfindən ISIN kodları ilə yanaşı qiymətli kağız buraxılışlarına CFI (Classification of Financial Instruments - Maliyyə Alətlərinin Təsnifatı) kodlarının da verilməsinə başlanmışdır.

Qiymətli kağızlarla əməliyyatların qabaqcıl beynəlxalq standartlarının tətbiq edilməsi məqsədilə “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramında qiymətli kağız buraxılışlarının dövlət qeydiyyatının beynəlxalq kodların (ISIN) verilməsi ilə sinxronlaşdırılması nəzərdə tutulmuşdur. Bu layihənin reallaşması Azərbaycan qiymətli kağızlarının beynəlxalq bazarlara çıxış imkanları artırır.