Azərbaycan fond bazarının infrastrukturunda mərkəzi mövqedə olan Milli Depozit Mərkəzi (MDM) qiymətli kağızların saxlanmasını, onlar üzərində mülkiyyət hüquqların qeydiyyatını və qiymətli kağızlar üzrə ticarətdən sonrakı hesablaşmaları həyata keçirən depozitar təşkilatı kimi ölkəmizin aparıcı maliyyə institutlarından biridir.

Bu təsisatın yaranma tarixi dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesi ilə bağlıdır. Belə ki, “Milli Depozit Mərkəzi” anlayışı ilk dəfə 1995-ci ildə “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”nda öz əksini tapmışdır. Qiymətli kağızlar bazarında mərkəzləşdirilmiş depozitar xidmətinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 may tarixli Fərmanı ilə “Milli Depozit Sistemi haqqında” və “Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı yaradılmış səhmdar cəmiyyətlərinin və ixtisaslaşdırılmış çek investisiya fondlarının səhmdarlarının reyestrinin aparılması qaydaları haqqında” Əsasnamələr təsdiq edilmiş və 1997-ci il 18 sentyabr tarixindən etibarən MDM fəaliyyətə başlamışdır.

İlk dövrlərdə MDM yalnız özəlləşdirilmiş səhmdar cəmiyyətlərinin emitentlərinə və səhmdarlarına depozitar və reyestrsaxlayıcı xidmətlərini göstərirdi. Bu xidmətlər yeni yaradılan səhmdar cəmiyyətlərinin qiymətli kağızlarının müəyyən olunmuş qaydada saxlanılmasını, nağd və nağdsız dövriyyəsinin təmin edilməsini, səhmdarların reyestrinin aparılmasını, qiymətli kağız mülkiyyətçilərinin alqı-satqı müqavilələrinin qeydiyyatını, qiymətli kağız sahiblərinə səhm sertifikatlarının təqdim edilməsini və s. əhatə edirdi.

MDM ilə özəlləşdirmə nəticəsində yeni yaradılan səhmdar cəmiyyətləri arasında depozitar xidmətlərinin göstərilməsi haqqında ilk müqavilə 1998-ci ildə bağlanılmışdır. Həmin dövrdə qeydiyyata alınan bütün əqdlər birjadankənar xarakter daşıyırdı. 2000-ci ildə Bakı Fond Birjası təsis edildikdən sonra MDM birja əqdlərinin də qeydiyyatını aparmağa başladı.

Özəlləşdirmə prosesinə dəstək verən təşkilat kimi yaradılmış MDM tədricən korporativ sektora da nüfuz edərək ilk dəfə 2001-ci ildə dövriyyədə yeni məhsul sayılan istiqraz bazarına da depozitar xidmətlərini göstərməyə başlamışdır. Sonrakı dövrlərdə MDM digər depozitarlar tərəfindən xidmət göstərilən maliyyə sektoru müəssisələrinin qiymətli kağızlarını saxlanmaya cəlb etməyə müvəffəq olmuşdur.

Müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və sürətləndirilməsi məqsədi ilə inzibati statusunu və mərkəzdən uzaq məsafədə olduğunu nəzərə alaraq 2006-cı ildən etibarən MDM-in Naxçıvan filialı fəaliyyətə başlamışdır.

Azərbaycan qiymətli kağızlarının beynəlxalq bazarlara çıxışını təmin etmək məqsədilə 2006-cı ildən MDM Milli Nömrələyici Agentliklər Assosiyasiyası (ANNA) ilə qlobal əməkdaşlığa dair müqavilə imzalamış və Azərbaycan üzrə Milli Nömrələyici Agentlik olaraq səlahiyyətləndirilmişdir. Bu status müqabilində MDM Azərbaycanda emissiya edilən qiymətli kağızlara ISIN beynəlxalq eyniləşdirmə kodları verməyə başlamışdır.

Azərbaycan Respublikası Prezidentinin 16 may 2011-ci il tarixli Sərəncamı ilə “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının təsdiq edilməsi ilə bağlı Azərbaycanda qiymətli kağızlar bazarının inkişafına əsaslı təkan verildi. Belə ki, Dövlət Proqramı bazarın bütün sahələrinin inkişaf istiqamətlərini müəyyən edərək mövcud bazar infrastrukturlarının təkmilləşdirilməsini və yeni institutların yaradılmasını zəruriyyətə çevirdi.

Bütövlükdə milli depozit sisteminin, o cümlədən bu sistemin mərkəzi institutu kimi MDM-nin inkişaf strategiyası da həmçinin, Dövlət Proqramında öz əksini tapmışdır. Proqramın əsas məqsədi beynəlxalq standartlara cavab verən və kapitalın cəlb edilməsi üçün iqtisadiyyata geniş imkanlar yaradan müasir qiymətli kağızlar bazarının yaradılmasıdır. 

Dövlət Proqramının icrası ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin 14 iyul 2015-ci il tarixli Fərmanı ilə “Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu” qüvvəyə minmişdir. Yeni qanunun tətbiqi qiymətli kağızlar bazarında strukturunda və o cümlədən, depozitar sistemində bir sıra dəyişikliklərə səbəb oldu. Qanuna əsasən, MDM depozitar sisteminin mərkəzi institutu kimi Mərkəzi Depozitar elan edildi.

Qanunun qüvvəyə mindiyi 15 sentyabr 2015-ci il tarixindən klirinq və depozitar lisenziyalarının fəaliyyəti dayandırıldı və mövcud olan depozitarlar bütün saxladığı qiymətli kağızları, reyestrsaxlayıcılar isə qiymətli kağızlar sahiblərinin reyestrlərini MDM-ə ötürdülər. Həmçinin,  MDM qapalı səhmdar cəmiyyəti kimi ləğv edilərək yenidən qeyri-kommersiya hüquqi şəxsi olaraq təşkil edildi.

Beləliklə, Dövlət Proqramının əsas istiqamətlərindən biri kimi qiymətli kağızların depozitar sistemi, o cümlədən qiymətli kağızlar və onlar üzərində hüquqların qeydiyyatı mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində işlərin böyük hissəsi tamamlandı. Belə ki, ölkədə emissiya edilən bütün investisiya qiymətli kağızlarının mərkəzi depozitar sistemi yaradıldı, qiymətli kağızlar və onlar üzərində hüquqların qeydiyyatı sistemi təmərküzləşdirildi. Qiymətli kağızların girovla və digər səbəblərdən öhdəliklərlə yüklənməsi mərkəzi depozitar sistemi vasitəsilə həyata keçirilməyə başlandı. Həmçinin, qiymətli kağızlarla ticarətin səmərəliliyinin artırılması və risklərin azaldılması məqsədilə mərkəzləşdirilmiş klirinq sistemi yaradıldı.

Mərkəzləşdirilmiş klirinq sisteminin birjanın ticarət sistemi də daxil olmaqla vahid proqram təminatı əsasında işləməsi məqsədilə 17 fevral 2016-ci il tarixində Azərbaycanın qiymətli kağızlar bazarının bütün infrastruktur institutlarını birləşdirərək dünyada bu sahədə tətbiq edilən qabaqcıl texnologiyalar əsasında yaradılmış vahid sistem istifadəyə verilmişdir. “Azərbaycan Qiymətli Kağızlar Bazarının Vahid Ticarət, Ticarət Sonrası və Nəzarət Sistemi" (CETA - Centralised Exchange Trading in Azerbaijan) funksionallıq, iş prinsipi və ticarət imkanları baxımından tam müasir sistem olmaqla bazar iştirakçıları üçün təhlükəsiz və yüksək sürətli yeni istiqamətlər yaratmışdır. Onun istifadəçiləri  Bakı Fond Birjası, mərkəzi depozitar və klirinq təşkilatı kimi MDM, ticarət üzvləri olan investisiya şirkətləri və bazarın tənzimləyici orqanı olan Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasıdır.