İnvestisiya fondlarının təşkili, idarə edilməsi və ləğvinin prinsip və qaydalarını, habelə investisiya fondu fəaliyyəti sahəsində tənzimlənməsinin və nəzarətinin hüquqi və iqtisadi əsaslarını “İnvestisiya Fondları haqqında” Azərbaycan Respublikasının Qanunu müəyyən edir. İnvestisiya fondu – səhmdar və ya paylı investisiya fondu formasında yaradılan, vəsaitlərin cəlb edilib mənfəət əldə edilməsi məqsədi ilə investisiya bəyannaməsində nəzərdə tutulmuş qaydada yatırılması ilə məşğul olan maliyyə qurumudur. İnvestisiya fondunun səhmlərinin (paylarının) saxlanılması, onlara hüquqların, yüklülük faktlarının uçotu və təsdiqi, habelə investisiya fondunun idarəçilikdə olan aktivlərinin, onlara dair sənədlərin saxlanılması və uçotunun aparılması qanunvericilikdə digər hal nəzərdə tutulmadıqda, investisiya fondlarının depozitarları tərəfindən həyata keçirilir. İnvestisiya fondunun depozitarları Mərkəzi depozitarın üzvü olaraq Mərkəzi depozitarla və investisiya şirkətləri ilə birlikdə depozitar sistemini təşkil edir.

“İnvestisiya Fondları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq investisiya fondlarının səhm mülkiyyətçilərinin və pay sahiblərinin reyestri Mərkəzi depozitar tərəfindən aparılır. Həmçinin, Mərkəzi depozitar “İnvestisiya fondunun depozitarı tərəfindən pul hesablarının açılması, aparılması və pul köçürmələrinin həyata keçirilməsi Qaydaları”-na əsasən hər bir depozitar üçün depozitar sistemində hər valyuta üzrə bir muxbir hesab açır. İnvestisiya fondu depozitarının ləğvi zamanı, idarəçi investisiya fondunun yeni depozitarının seçilməsi və təsdiq edilməsi proseduru bitənədək investisiya fonduna depozitar xidmətlərinin göstərilməsi məqsədi ilə Mərkəzi depozitarla müvəqqəti müqavilə bağlayır və həmin depozitarın investisiya fondları üçün açılmış cari pul hesablarından vəsaitlər (hər bir investisiya fondunun vəsaitlərinin qalıqları barədə məlumatı göstərməklə) Mərkəzi depozitarın hesabına köçürülür. Mərkəzi depozitar öz daxili informasiya sistemində investisiya fondlarının vəsaitlərinin uçotunu hesablar üzrə ayrı-ayrılıqda aparır.

Milli Depozit Mərkəzi tərəfindən investisiya fondlarının depozitarlarına göstərilən xidmətlər aşağıdakılardır:

  • Fondun aktivlərinin uçotu;
  • Fonda məxsus pul vəsaitlərini, qiymətli kağızları və əmlak hüquqlarını təsdiq edən sənədlərin əslini qəbul etmək və saxlamaq;
  • Fondun səhmlərinin və ya paylarının yerləşdirilməsinə (satışına) və geri satın alınmasına nəzarət etmək;
  • Fondun aktivlərinin dəyərinin, hərəkətinin və tərkibinin uçotunu aparmaq;
  • Fondun formalaşdırılması bitdikdən sonra payların dəyərinin düzgün hesablanmasına nəzarət etmək.