Depozitar və reyestrsaxlayıcı xidmətlər Milli Depozit Mərkəzi (MDM) tərəfindən emitentlərə və qiymətli kağız mülkiyyətçilərinə emitentlə bağlanmış müqavilə əsasında göstərilir.

Azərbaycan Respublikasında emissiya edilmiş qiymətli kağızların əksəriyyəti sənədsiz formada buraxılır. Mərkəzi depozitar tərəfindən qiymətli kağız mülkiyyətçilərinə təqdim edilən sənədsiz qiymətli kağızlar üzrə depo hesabından çıxarış həmin qiymətli kağızlara mülkiyyət hüququnu təsdiqləyən yeganə hüquqi sənəddir.

Qiymətli kağızlar üzrə  mülkiyyət hüququnun təsdiqi ilə yanaşı, mülkiyyət hüququnun ötürülməsi - qiymətli kağızlarların alqı-satqısı, bağışlanması, dəyişdirilməsi, vərəsəlik əməliyyatı və  digər əməliyyatların qeydiyyatı Mərkəzi depozitarda həyata keçirilir. Bununla yanaşı, emitentlərin korporativ hərəkətləri, o cümlədən qlobal əməliyyatlar da depozitar sistemdə qeydiyyata alınır. Emal olumuş məlumatlar MDM tərəfindən emitentlərə təqdim edilmiş qiymətli kağız mülkiyyətçilərinin reyestrində öz əksini tapır. Əgər qiymətli kağızlar nominal saxlamadadırsa, qiymətli kağız mülkiyyətçilərinin reyestrində nominalsaxlayıcının adı qeyd olunur.

MDM tərəfindən göstərilən depozitar və reyestrsaxlayıcı xidmətlərə aşağıdakılar daxildir:

  • Sənədli və sənədsiz qiymətli kağızların saxlanılması və uçotu;
  • Qiymətli kağız mülkiyyətçilərinə depo hesablarının açılması;
  • Qiymətli kağız mülkiyyətçilərinin hesablarının uçotu;
  • Qiymətli kağızlar üzrə əqdlərin qeydiyyatı;
  • Qiymətli kağızlara hüquqların vərəsəliklə keçməsi üzrə əməliyyatların qeydiyyatı;
  • Qiymətli kağızların öhdəliklərlə yüklənməsinin qeydiyyatı;
  • Qiymətli kağız mülkiyyətçilərinin sorğusu əsasında hesablarından çıxarışların verilməsi;
  • Qiymətli kağız mülkiyyətçilərinə aparılmış əməliyyatlar haqqında məlumatların verilməsi;
  • Müxbir depozitarlara xidmətlərin göstərilməsi;  
  • Qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması;
  • Nominal saxlayıcıların hesablarının uçotunun aparılması;
  • Səhmdarların ümumi yığıncaqlarının təşkili üzrə xidmətlər;
  • Qiymətli kağızlar üzrə dividendlərin və istiqraz üzrə faizlərin hesablanması və onların ödənilməsində vasitəçilik;
  • Qiymətli kağızlarla xırdalanma (split) və birləşdirmə (konsolidasiya) əməliyyatlarının aparılması;
  • Qiymətli kağızlarla konvertasiya əməliyyatlarının aparılması.