Son zamanlarda ölkəmizin güclənən və modernləşən iqtisadiyyatında kapital bazarlarının inkişafı istiqamətində mühüm işlər görülür. Kapital bazarlarında beynəlxalq təcrübənin öyrənilməsi, optimal və qabaqcıl dünya standartlarının tətbiq edilməsi ölkəmizin qarşısında duran prioritet məsələlərdəndir.

Kapital bazarının fundamental institutlarından biri olan Milli Depozit Mərkəzi (MDM) beynəlxalq əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Fəaliyyət göstərdiyi zaman ərzində MDM xarici həmkarları ilə işgüzar əlaqələr yaratmış, qarşılıqlı fəaliyyət üçün zəminlər müəyyən etmişdir.

Hal-hazırda MDM ANNA (Milli Nömrələyici Agentliklər Assosiasiyası), ISSA (Qiymətli Kağızlar Üzrə Xidmətlər Beynəlxalq Assosiasiyası), AECSD (Avrasiya Mərkəzi Depozitarlar Assosiasiyası) kimi beynəlxalq nüfuzlu təşkilatların üzvüdür, 12 xarici depozitar təşkilatı ilə anlaşma memorandumu imzalamışdır.

Bununla yanaşı, MDM qiymətli kağızlar bazarı ilə bağlı beynəlxalq konfransların təşkilində maraqlı tərəf kimi yaxından iştirak edir. Beynəlxalq tədbirlərin təşkili, eləcə də onlarda iştirak xarici tərəfdaşlar ilə əlaqələrin güclənməsinə, o cümlədən xarici ölkələrin ekspertləri ilə MDM əməkdaşları arasında müvafiq sahə üzrə bilik və təcrübələrin mübadiləsinə töhfə verir.