QKDK və Türkiyə Respublikasının Kapital Bazarları Şurası arasında Anlaşma Memorandumu imzalandı
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatı
2010-cu ilin 13 iyul tarixində Ankara şəhərində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) və Türkiyə Respublikasının Kapital Bazarı Şurası (KBŞ) arasında Əməkdaşlıq və İnformasiya Mübadiləsi haqqında Anlaşma Memorandumu imzalanmışdır. Memorandumu Azərbaycan tərəfindən QKDK-nın sədri Rüfət Aslanlı, Türkiyə tərəfindən isə, KBŞ-nin sədri Vedat Akgiray imzalamışlar.
Anlaşma Memorandumu iki qardaş dövlət arasında qiymətli kağızlar bazarlarına dair faydalı əməkdaşlığa mühüm töhfə olaraq, tənzimlənən bazarların inteqrasiyasını təşviq etməkdən və investorların hüquqlarının müdafiəsinin gücləndirilməsindən ibarətdir. Memorandum tərəflərin tənzimləyici funksiyalarının yerinə yetirilməsində əməkdaşlığın təmin edilməsi və qiymətli kağızlar bazarının tənzimlənməsinə dair qanunvericiliyin pozulması hallarına qarşı məlumat mübadiləsinin prosedurunu müəyyən edir.
Bununla Azərbaycan Respublikası ilə digər ölkələrin qiymətli kağızlar bazarının tənzimləyiciləri arasında 4-cü əməkdaşlıq sazişi imzalanmışdır. Belə ki, Türkiyə ilə yanaşı hazırda Belarus, Qazaxıstan və Ukrayna ilə əməkdaşlıq sazişi qüvvədədir.